Aydın Hüseynov: Azərbaycan diplomatiyası Ermənistanın və onun havadarlarının ümidlərini puç etdi

“Ermənistanın və havadarlarının hay-küyü, yalan, əsassız iddiaları, dünya ictimaiyyətini aldatmaq cəhdi yenidən uğursuzluğa düçar oldu. Ermənistan hökumətinin ikiüzlülüyü də bir daha isbatlandı. Avqustun 16-da beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıdığını bir daha nümayiş etdirdi. Müzakirələrdə bir daha bu reallıq diqqətə çatdırıldı ki, “Laçın dəhlizi” adlanan yol Azərbaycanın suveren ərazisi daxilində nəzərdə tutulmuş yoldur. Laçın yolu ilə bağlı “humanitar fəlakət” ətrafında ermənilərin saldığı hay-küyün əsas hədəfi sülh danışıqlarından diqqəti yayındırmaq və Azərbaycanın irəli sürdüyü şərtlərə əməl etməməkdir. Bu iclasdan sonra bir daha təsdiq olundu ki, belə müzakirələrə ehtiyac yox idi, məsələ BMT və digər platformalarda deyil, yerində həll olunmalıdır. Ermənistanın bu cür qondarma məsələləri BMT-nin Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarması bu ölkənin Azərbaycana qarşı növbəti təxribatıdır. Ümumiyyətlə, dünya erməni lobbisi hazırda Azərbaycana qarşı bu yöndə sərəsəm iddialarla çıxışlar edirlər. Erməni lobbisinin Azərbaycana qarşı fəaliyyəti təkcə bu məsələ ilə məhdudlaşmır. Zaman-zaman dünya mətbuatında Azərbaycan və Türkiyəyə qarşı daha intensiz şəkildə yalan kampaniyasının şahidi oluruq. Erməni lobbisinin türklərə qarşı düşmənçilik üzərində qurulan ideologiysı Ermənistan dövlətini daim təzyiq altında saxlayır və belə davam edərsə, İrəvan getdikcə uçuruma yuvarlanacaq”.

Bunu saytımıza açıqlamasında millət vəkili Aydın Hüseynov deyib. Onun sözlərinə görə, Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı, əslində, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xarakterli və məsuliyyətsiz siyasi kampaniyadır:

“Hadisələrin gedişi bir daha sübut edir ki, Ermənistan məsələni həll etmək niyyətində deyil. Beynəlxalq hüquq da, ədalət də Azərbaycanın tərəfindədir. Fransa və Maltadan başqa Ermənistanın mövqeyini tam dəstəkləyən üçüncü belə çıxış olmadı. Dünya ictimaiyyəti özünü “demokratiya mərkəzi” olaraq sırımağa çalışan Fransanın iflasına tarixi şahidlik etdi. Göründüyü kimi, bu ölkənin rəhbərliyi xarici siyasət sahəsindəki səs-küylü uğursuzluqlardan hələ də heç bir nəticə çıxarmayıb. Nəticədə, Ermənistan və havadarları BMT Təhlükəsizlik Şurası müstəvisində məqsədinə nail olmadı. Bu, dövlətimizin növbəti diplomatik qələbəsi hesab olunmalıdır. Bir daha Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı təxribat xarakterli və beynəlxalq hüquq normalarına, üçtərəfli Bəyanata zidd siyasi kampaniya olduğu BMT tribunasından sübuta yetirildi. Bu qələbənin əsas memarı Azərbaycan Prezidenti və öz prezidentinə daim inamı olan xalqımızdır”.