Əgər Ermənistan sülh prosesini uzatsa, uduzan yenə özü olacaq

Bu yaxınlarda Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı Şuşada Qlobal Media Forumu keçirildi. Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumunun, həmçinin 60 yerli media rəhbəri və nümayəndəsi iştirak etdi.

Şuşada ölkə başçımızın “Euronews” televiziyasına müsahibəsi böyük rezonans doğurub. İlham Əliyev bu müsahibəsində də Azərbaycanın sülh tərəfdarı olduğunu, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma, tikinti-quraşdırma işləri barədə ətraflı məlumat verdi. Bir daha bəyan etdi ki, Azərbaycan sülh sazişi ilə nəticələnəcək hər bir təşəbbüsü dəstəkləyəcək. Müsahibə avqustun 1-də “Euronews”da yayımlanıb.

“Prezident İlham Əliyevin “Euronews” televiziya kanalına müsahibəsində səsləndirdiyi fikirlər Ermənistana ciddi xəbərdarlıqdır. Ölkəmiz 44 günlük müharibədən dərs çıxarmayanlara yenidən dərs verməyə hazırdır”.

Deputat Aydın Hüseynov bildirib: “Biz ləyaqətli müharibə apardıq və Azərbaycan sülh istəyir, mövqeyimiz prinsipial və qətiyyətlidir. Bunu Ermənistan və onun havadarları ciddi şəkildə qəbul etməlidir. Təəssüf ki, bu gün Ermənistan öz havadarlarına arxayın olaraq yenə də təxribatlar törətməyə çalışır. Əgər Ermənistan sülh prosesini uzatsa, uduzan tərəf də elə özü olacaq. Başqa çıxış yolları yoxdur. Azərbaycan bu gün regionda lider dövlət olmaqla yanaşı, qlobal müstəvidə də mühüm oyunçuya çevrilməkdədir. Cənubi Qafqazda maraqları olan güclər Azərbaycanla hesablaşmalı olduqlarını da bilməlidirlər”.

O həmçinin qeyd edib ki, Erməni liderlərinin illərdir ikiüzlülüyü, boş vədləri, mənasız və əsassız ifadələri daha çox elə onların özlərinə tanışdır. Populist çıxışların arxasında yalançı vədlərin, boş sözlərin olduğu gün kimi aydındır və bunları saymaqla bitən deyil. Azərbaycan sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa hazırdır. Bu mənada Ermənistanın gələcəyi irəli sürülən təşəbbüslərə konstruktiv adekvat cavab verməsindən asılıdır. Bu, nə qədər tez baş verərsə, bütün region üçün, həm də Ermənistan üçün də faydalı olacaq.

Mənbə :”Respublika”