İmam şərlənsəydi bu gün zühur üçün dua edənlərin çoxu onun üzünə durardı – Paşa Yaqub yazır

Axşam dostlarla iftar məclisindəydim. Təklif etdilər ki, gəlin birlikdə namaz qılıb, İsa Peyğəmbərin, İmam Mehdinin zühuru üçün dua edəyin. Dedim siz dua edirsiniz edin, mən eləmirəm. Dedilər niyə, sən haqqın, ədalətin bərqərar olmasını istəmirsənmi?

Dedim dua etməklə kiminsə dirilməsi mümkün olsaydı mən dua edərdim ki, valideynlərim, ailə üzvlərim dirilsin. Kiminsə duasıyla ölü dirilsəydi, sizdən öncə babalarınız, ulu babalarınız bu iş üçün (İsanın və Mehdinin dirilməsi üçün) min illərdir dua ediblər, dirilərdi. Deməli, mümkün deyil.

Tutaq ki, mən dua etdim ki, İmam Mehdi dirilsin, məni zalımın zülmündən xilas etsin. İmam mənə qayıdıb deməz ki, öz nəfisin ucbatından (pul üçün, vəzifə üçün…) zalımı təbliğ edən, yaltaqlanan, qohum əqrəbanı başına yığıb zalıma səs vermək üçün gətirən sən deyildinmi? (Yaxud, günahsız adamın üzünə durub şərləyən, namusu ilə təhdid edib saxta izahatlara qol çəkdirən, günahsız olduğunu bildiyi halda 8-10 il iş kəsən, yaxud, tərəzidən oğurlayan, yaxud, zinakarlıq edən, qonşunun, qohumun haqqına görən, onlara ziyan vuran….siz deyilsizmi?). Başqalarına qarşı bütün bu yaramazlıqları edəndə bilmirdinmi bunları sənə də edən (sənə də şər atan, zülm edən…) tapılacaq?! Bu duruma nəfsinin ucbatından düşmədinmi? İmam Mehdi (yaxud İsa əleyhissalam) bizdən soruşmazmı ki, bütün bu və digər yaramaz hərəkətləri edəndə heç məni yada salmırdın! Demirdin ki, şərə saldığım, ziyan vurduğum adamın da Allahı, Peyğəmbəri, İmamı var!? İndi nooldu özün şərə düşəndə, zülmə məruz qalanda tez İmam yadına düşdü?! Bilmirsənmi, ilan bir gün onu bəsləyəni də çalır?!

İmam sənin nökərindirmi ki, öz nəfsin ucbatından düşdüyun quyudan səni çıxarsın? Özün topalsanmı? Ağılsızsanmı? Canın çıxsın gərəkəni yap , düşdüyün vəziyyətdən çıx! Nə etmək lazım olduğunu bilmirsənsə götür Quranın tərcüməsini oxu, orada səndən əvvəl bu duruma düşənlər Nəmrudun, Fironun zülmündən necə xilas oldularsa, sən də o yolla bu gün Dəccalın zülmündən xilas olmağa çalış.

Bu kimi batil düşüncənin yaranmasına səbəb odur ki, İranın ayətullah deyilən, müşteyid deyilən şarlatanları əsrlərdir ki, şeyx nəsrullahlıq edirlər: deyirlər biz dua edəcəyik, İmam Mehdi diriləcək, gəlib insanları xilas edəcək…. Ona qədər haqsızlığa, ədalətsizliyə, günahsız adamların dar ağacından asılmasına qarşı heç kəs səsin çıxarmasın, gözləyin, gələcək…
Elədirsə , İranın şər rejimi niyə özü gözləmir? Onlar da biraz gözləsinlər, insanları dar ağacından asmağa tələsməsinlər, desinlər ki, İmam zühur edəndə bu adamın əməlinə baxar, günahkardırsa asar, günahsızdırsa buraxar (yaxud, ciblərə narkotik atıb şərləyənlər niyə dayanıb İmamı gözləmirlər)?

Görürsünüzmü, şər maşını iranda da, Azərbaycanda da dayanıb gözləmədən insanların başını yeyə-yeyə gedir…. Amma, sizlərin beyninə yeridirlər ki, dinməyin, şərə qarşı mübarizə aparmayın, dua edib gözləyin, İmam Mehdi gəlib sizi şər maşınının ağzından xilas edəcək…

Bütün bunlar dəccalizmin siyasətidir. Dəccalın məscidlərində İmamın dirilməsi üçün dua etdirən mollalar əslində dəccalın əsgərləridir. Dəccal onların altına maşın verib, aylıq maaş verib, deyir camaatın başını qat, haqsızlığa qarşı mübarizə aparmasınlar…

Əsrlərdir ki, sizlər ölünün dirilməsi üçün məscidlərdə dualar edirsiniz, bir adam sizə demir ki, belə dua etməyin. Amma, həmin məsciddə siz bir kəlmə ölkədəki haqsızlıqdan, ədalətsizlikdən, insanların göz görəsi şərlənməsindən danışsanız, sözünüz ağzınızdan qurtarmamış başınızın uştünü polis kəsdirər və sizi də o birilər kimi zindana atarlar.
Deməli sizin ölü diriltməyə çalışmağınız (şeyx nəsrullahlığınız) Dəccalı narahat etmir; haqqı deməyiniz narahat edir.

Öz aramızdır, bir çoxlarınız heç İmamın diriləcəyinə inanmırsınız, amma, haqsızlığa qarşı mübarizə aparmağa qorxduğunuz üçün, özünüzü dirilməyə inanan kimi göstərirsiniz. Guya İmamı gözləyirsiz, gəlsə onunla birlikdə zülmə qarşı mübarizə aparacaqsız (ay hay). Beləliklə, qorxaqlığınızı, acizliyinizi ört basdır etməyə çalışırsınız…

İmam dirilmiş olsaydı (bu mümkünsüzdür) və haqsızlığa qarşı mübarizə aparmış olsaydı, Dəccalın ordusu onun da cibinə narkotik atıb, başqa mübariz insanlar kimi, İmamı da şərləyib türməyə salardılar. Adım kimi əminəm ki, bu gün zühur üçün dua edənlərin böyük əksəriyyəti İmam şərlənəndə onun üzünə durardılar ki, narkotik satdığını görmüşdük (necə ki, bu gün türmələrdə yatanların üzünə durdunuz).

Allah isə, Quranda belə buyurur: “Ya Peyğəmbər, sən öləcəksən, səndən sonra gələnlər dirimi qalacaqlar?! Şübhəsiz ki, bütün yaranmışlar ölümə məhkumdur!”

Son olaraq: bütün peyğəmbərlər öz dövrlərinin imamı olduğu kimi, bütün imamlar da öz dövrlərinin peyğəmbərləri olublar. Hamısına Salam olsun! Onların öz dövrlərində haqsızlığa, zülmə qarşı apardıqları mübarizə bizlər üçün örnək olmalıdır. Cəsarətimiz çatırsa onlardan nümunə götürüb dəccalizmə qarşı mübarizə aparağın, çatmırsa heç olmasa əllaməlik etməyəyin. İndi elm əsridir, Şeyx Nəsrullah dövrü deyil….

Paşa Yaqub – Pangeyist