“Qubad İbadoğlunun ambisiyaları və tamahı acınacaqlı sonunu gətirdi” – ŞƏRH + FOTO

“Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilərək barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADRP) sədri Qubad İbadoğlu barəsində cəmiyyətdə müxtəlif səpkidə fikirlər mövcuddur. Bəziləri onu tanınmış iqtisadçı-alim kimi təsəvvür etməyə çalışsa da, əslində onun Azərbaycanın neçə illərdir ki, müxtəlif ölkələrdə yaşayaraq anti-Azərbaycan qüvvələrin himayəsi altında ölkəmizin milli mənafeyinə, dövlətçilik maraqlarının əleyhinə fəaliyyətlə məşğul olması heç kimə sirr deyil”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib. O qeyd edib ki, Qubad İbadoğlunun terror təşkilatı kimi tanınan FETÖ ilə əlaqələri, bu təşkilatın rəhbəri Fətullah Gülənin dəstəyi ilə ABŞ və İngiltərədə müxtəlif fəaliyyətlərə cəlb olunması haqqında Azərbaycanın hüquq-mühafizə orqanlarında kifayət qədər təkzibolunmaz sübutlar var. Bu sübutlar ictimaiyyətə də təqdim olunub:

“Belə ki, Azərbaycanın Daxili İşlər Nazirliyinə Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan informasiyalara görə, Azərbaycanda FETÖ ilə əlaqəli olan şəxslərə qarşı keçirilən əməliyyat tədbirləri zamanı saxlanılan 5 nəfərdən biri Qubad İbadoğlu ilə həmin FETÖ əlaqələrinin olmasını təsdiq edib. Məhz həmin ifadə əsasında Qubad İbadoğlunun ofisində axtarış aparılıb və iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlandıqdan sonra İbadoğlunun saxlanılmasına qərar verilib.

Qubad İbadoğlu iqtisadçı kimi fəaliyyət göstərsə də, sonradan özünü siyasətçi kimi təqdim edərək siyasi proseslərin guya aktiv iştirakçısı olması iddiasına düşüb. Əslində vaxtilə AMİP-də təmsil olunan, sonra uzun illər ərzində “Müsavat” Partiyasının Divan üzvü olan və həmin partiyada liderlik ambisiyalarını təmin edə bilmədiyi üçün partiyadan uzaqlaşdırılan İbadoğlu ADR adlanan qeyri-legitim bir “siyasi köşk” yaratmaqla siyasi liderlik xülyasına düşüb. Ancaq onun şəxsi maraqlar naminə partiyanı, silahdaşlarını və ideologiyasını çox rahat dəyişən “siyasətçi” olması siyasət meydanında başqa niyyət və məqsədlər güddüyünə işarə edirdi. ADRP adlanan bu otaq təşkilatı o qədər pərakəndə və qeyri-yetkin idi ki, dövlət qeydiyyatına alınması rədd olunub. Nəticədə 2023-cü ilin yanvar ayında ADRP-nin icra orqanlarının və təyinatlı rəhbər şəxslərinin fəaliyyətinə xitam verilib. Söz ilə əməl arasında, habelə verilən vədlər və reallıq arasında qısa müddət ərzində ifşa olunmuş uyğunsuzluq səbəbindən ADRP-dən kütləvi istefalar dalğası başlayıb”.

Aydın Hüseynov vurğulayıb ki, özünü siyasətçi kimi təsdiq edə bilməyən və yaratdığı kiçikmiqyaslı “hərəkatda” doğrultmayan İbadoğlu ictimaiyyət arasında özünü faydalı və xalqın təəssübkeşi, ümummilli məsələlərin həllində ziyalı kimi təqdim etməyə çalışaraq “BİZ TV” vasitəsilə dövlətimizin əleyhinə açıq fəaliyyətlə məşğul olub:

 

“Onun efirə dəvət etdiyi şəxslərin böyük əksəriyyəti xarici ölkələrdə gizlənərək Azərbaycana qarşı çalışan erməni lobbisinin maraqlarını ifadə edən şəxslər olublar. Bir məqamı da qeyd edək ki, İbadoğlu “BİZ TV”də fəallaşdıqdan sonra AXCP və ADRP arasında ziddiyyətlərə səbəb olub. Bu faktın özü də bir daha sübut edir ki, Qubad İbadoğlu üçün şəxsi mənfəət və maraqlar hər şeydən ucadır. Bu, həm də internet mediası ilə demaqogiya ilə məşğul olmasının bir təzahürü sayıla bilər.

Beləliklə, ADRP-dən qalmaqallı istefalardan sonra ciddi siyasi fiqur obrazı darmadağın olan Qubad İbadoğlu sosial mediada təxribat və təhrik xarakterli addımlar atmağa başladı.

Yeri gəlmişkən, klassik “qrant yırtıcısı” hesab edilən Q.İbadoğlu xarici təşkilatlar tərəfindən ayrılan qrant müsabiqələrində hər zaman “növbətçi” qalib kimi irəlidə yer alıb, onun xaricdə təhsil alması da məhz yardım aldığı təşkilatlara anti-Azərbaycan fəaliyyətinə görə verilən mükafatların sayəsində mümkün olub. Avropa və ABŞ-də olduğu müddətdə isə öz ölkəsinə qarşı xəyanətkar mövqeyinə görə, qrant təminatını daha da yaxşılaşdırıb”.

Deputat düşünür ki, Qubad İbadoğlunun həbsindən narahatlıq duyan və müxtəlif ölkələrin səfirliklərinə Azərbaycan əleyhinə donos ünvanlayanlar siyasətçinin qrant masasından müntəzəm olaraq pay alıblar, ona görə də birgə özfəaliyyətə başlayıblar:

“Həmçinin Azərbaycana qarşı hər zaman qərəzli mövqeyi ilə seçilən və ermənipərəst olan “Human Rights Watch” təşkilatın bəyanatı da təəccüblü deyil, İbadoğlunun Azərbaycan əleyhinə, dövlətimizin milli maraqları əleyhinə ötürdüyü materiallar bu erməni xislətli təşkilat üçün həmişə yaxşı mənbə olub.

Beləliklə, siyasi iddiası, pul və mənafe tamahkarlığı, xidmət etdiyi təşkilatların verdiyi tapşırıqların mahir ifaçısı Qubad İbadoğlu o qədər həddini aşmışdı ki, bu qanunsuz hərəkətlərinin nə vaxtsa ifşa olunacağını, törətdiyi əməllərə görə, qanun qarşısında cavab verəcəyi günü belə göz önünə gətirməyi unutmuşdu. Ancaq hüquq və qanun onun göz altına alınması üçün öz hökmünü çox gözlətmədi, əməkdaşlıq etdiyi FETÖ qruplaşmasının öz üzvləri onu satdılar. Bu hal həm də onu təsdiqləyir ki, heç kim ədalətdən qaça bilməz, gec-tez əməllərinə görə cavab verir”.