Milli Mətbuat Günü münasibətilə Dövlət Sərhəd Xidməti Aparatında tədbir keçirildi – FOTO

22 İyul – Milli Mətbuat Günü münasibətilə Dövlət Sərhəd Xidməti (DSX) Aparatında tədbir keçirilib.

Sedainfo xəbər verir ki, tədbir iştirakçılarına Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin Milli Mətbuat Günü münasibətilə təbriki çatdırılıb, DSX-nin struktur qurumlarının xidməti-döyüş fəaliyyətinin təşkili, dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin olunması üzrə həyata keçirilən fəaliyyətlər barədə ictimaiyyətin operativ məlumatlandırılması, gənclər arasında hərbi vətənpərvərliyin yüksəldilməsi, sərhədçi peşəsinin təbliği sahəsində kütləvi informasiya vasitələri ilə əməkdaşlığın xüsusi rolu vurğulanıb.

Dövlət Sərhəd Xidmətinin kütləvi informasiya vasitələri ilə əlaqələrinin inkişafından məmnunluq ifadə edilib, faydalı əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminlik bildirilib.

Sonda Dövlət Sərhəd Xidməti rəisinin əmrinə əsasən mətbuat sahəsində əməkdaşlığa verdiyi töhfələrə görə KİV nümayəndələrinin bir qrupu medal və fəxri fərmanlarla təltif edilib.

Təltif olunan həmkarlarımızı təbrik edirik.