Deputat Hacı Şahinlə bağlı yayın verdiyi üçün İTV-ni sərt tənqid etdi

“Kim bunu necə anlayır-anlasının. Azərbaycan dövləti adına bu, böyük biabırçılıqdır. Azərbaycanın dövlət büdcəsindən maliyyələşən İctimai Televiziya Məşədi Dadaş məscidindən dünən verilən cümə xütbəsini öz loqusu ilə YouTube kanalında yerləşdirib təbliğat aparır. Təbliğatını apardığı da bir Qum məzunudur”.

Sedainfo.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa deyib.

O, İTV-nin bu günə qədər parlament xəbərlərini yayımlamadığını bildirib:

“Allah Şahin Həsənliyə rəhmət etsin, hər kəsin də inancına sayğılıyam. İndiyədək hətta ölkə parlamentinin bir komitəsinin iclasını belə canlı yayında verməyi özünə sığışdırmayan bu televiziya, mərhum din xadiminin canlı yayından həm vida, həm də dəfn mərasimini nümayiş etdirdi. O halda gərək bütün məscidlərdəki cümə xütbələrindən reportaj versinlər”.

Deputat sual edib ki, məscidlər arasında fərq qoymanın izahını kim verə bilər? Sonra qeyd edib ki, konstitusiyamızda dinin dövlətdən ayrıldığı yazılır:

“O halda dövlət büdcəsindən külli miqdarda vəsait ayrılan bu televiziyanın bu cür din təbliğatının izahı varmı? Dəfələrlə vurğulamışam ki, bu televiziya İnter.az kanalı Azərspace-dən çıxarıldıqdan sonra irançı köstəbəklərin ideoloji mərkəzinə çevrilib. Bilirəm ki, rəsmi səviyyədə bu xəbərdarlığıma əhəmiyyət verilməyəcək. Ancaq canımız dövlətin, gözümüz millətin təhlükəsizliyi bir namus borcumuz olduğundan bundan sonra da daha qətiyyətlə bu təhlükə barədə uca səslə mövqeyimizi bildirəcəyik”.

Deputatın ittihamına İctimai Televiziyadan münasibət öyrənmək istəsək də zəngimiz cavabsız qaldı. Buna baxmayaraq, İTV deputata cavab vermək istəsə, Globalinfo.az onu ictimailəşdirməyə hazırdır.