“Şuşa mədəniyyət ocağı və diplomatik mərkəz kimi dirçəlir” – DEPUTAT

Biz 28 il ərzində 8 may tarixini alınmaz qala, Qarabağın baş tacı olan Şuşanın işğalı günü kimi təəssüf hissi ilə xatırlayırdıq. 3 ildir ki, bu qara səhifə qapanıb.

Müzəffər Azərbaycan Ordusu 2020-ci il 44 günlük Vətən müharibəsində Ali Baş komandanın tapşırığını qətiyyətlə yerinə yetirərək, alınmaz qalanı-Şuşanı əlbəyaxa döyüşlərlə azad etdi. Şuşanı azad edərkən Azərbaycan əsgər və zabiti qəhrəmanlıq, peşəkarlıq, fiziki güc, yüksək milli ruh göstərdi. 28 il ərzində Şuşa işğal altında qalsa da, hər bir Azərbaycanlı əmin idi ki, gec-tez biz tarixi torpağımıza, mədəniyyət beşiyimizə qayıdacağıq. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Şuşasız bizim işimiz yarımçıq qalardı.

Şuşa Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayıb. İşğal zamanı Şuşanı erməniləşdirməyə cəhd etsələr də, buna nail ola bilmədilər. Ermənistan Şuşanın azad olunacağına inanmaq istəmirdi. Amma bizim hədəfimiz bəlli idi-Azərbaycan bayrağı Qarabağın döyünən ürəyində – Şuşada dalğalanmalı idi. Belə də oldu. Artıq bayram günlərində Cıdır düzündə zəfər tonqalları yandırırıq. Şuşa bu gün layiq olduğu yerdədir. Öz sahiblərini qarşılayır. Müzəffər Ali Baş komandan İlham Əliyevin də bəyan etdiyi kimi, biz Şuşanı dirçəldirik. Təsadüfi deyil ki, Prezidentin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edildi. Şəhərdə Azərbaycanın mədəniyyət paytaxtı kimi bütün ənənələr bərpa olunmaqdadır. Xarıbülbül festivalı, Vaqif poeziya günləri, ziyalılarımızın ev muzeylərinin, dini-mədəni abidələrin bərpası, güllələnmiş heykəllərin doğma torpağa aparılması, bir sözlə Şuşa tarixi Azərbaycan şəhəri kimi yenidən öz imicini bərpa edir.

Şuşa mədəniyyət paytaxtı olmaqla yanaşı həm də beyin mərkəzinə çevrilməkdədir. Beyin mərkəzlərinin nümayəndələrinin toplaşdığı məkan kimi qlobal trendlərin, yeni çağırışların müzakirə olunduğu beynəlxalq platformalara ev sahibliyi edir.

Təsadüfi deyil ki, bir neçə gün öncə Şuşa 4-cü beynəlxalq konfransa ev sahibliyi etdi. Bu dəfə böyük Avrasiyanın geosiyasətinin formalaşmasına dair geniş müzakirələr aparıldı. Azərbaycan Prezidentinin geosiyasi proseslərə münasibəti öyrənildi. Azərbaycanın sülhpərvər mövqeyi bir daha Şuşadan dünyaya bəyan olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, Şuşa Qarabağın tacıdır, təkrarolunmaz şəhərdir. Şuşanın yerləşməsi, təbiəti, havası, iqlimi, tarixi abidələri, dini abidələrimiz, şəhərin memarlıq ansamblı bizim milli sərvətimizdir. Düşmın 28 il ərzində şəhəri dağıtmış, tarixini saxtalaşdırmağa çalışmışdı. Biz isə 3 ilə yaxındır Şuşaya qayıtmışıq və Şuşa mədəniyyət ocağı və diplomatik mərkəz kimi dirçəlməkdədir. Azərbaycan xalqı bu müqəddəs torpağın əsl sahibi kimi Şuşada bundan sonra da əbədi yaşayacaq.

Könül Nurullayev  – Milli Məclisin deputatı