BSU-nun məzunu, “Azərbaycan Bayrağı” ordenli şəhid-müəllim həsr olunmuş “ tədbir keçirildi – FOTOLAR

Aprelin 28-də Bakı Slavyan Universitetində universitetin  məzunu “Azərbaycan Bayrağı” ordenli şəhid-müəllim Bəhmən Abuzərovun əziz xatirəsinə həsr olunmuş “Torpaq, bayraq sevdalı şəhidlər” adlı tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhid Bəhmən Abuzərovun və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açılış nitqi ilə açan Tədris işləri üzrə prorektor Ənvər Abbasov şəhidlik zirvəsinin vətənpərvərliyin ən ali məqamı olduğunu deyib. Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış zəfərdə gəncliyin də əhəmiyyətli rolu olduğunu vurğulayıb. O, dövlətin şəhid və qazilərə xüsusi diqqət və qayğısından söz açaraq, şəhidlərin xatirəsinin daima əziz tutulmasının önəmindən danışıb.

Xarici dil müəllimliyi fakültəsinin tələbəsi Yəmən Həsənli “Şəhidlər ölməz, Vətən bölünməz”adlı təqdimatla çıxış edərək, BSU-nun şəhid məzunları haqqında ətraflı məlumat verib.
Tələbə Gənclər Təşkilatının sədri Nuray Orucova şəhid Bəhmən Abuzərovun tərcümeyi-halı barəsində geniş məlumat verib.

Sonra şəhid Bəhmən Abuzərova həsr olunmuş videoçarx nümayiş olunub.

Şəhid Bəhmən Abuzərovun qardaşı Daşqın Abuzərov, şəhidin tələbə yoldaşları Səlahəddin Əliyev və Nağı Tağızadə şəhidin keçdiyi şərəfli döyüş və həyat yolu barədə xatirələrini bölüşüblər.

Təhsil fakültəsinin tələbəsi Nəzrin Vəlizadə və Humanitar və sosial elmlər fakültəsinin tələbəsi Asya Müseyibova şəhid Bəhmən Abuzərovun “Bəlkələr” şeirini, Filologiya fakültəsinin tələbəsi Ziyad Sarıyev “Ölüm-Azadlıq” şeirini səsləndiriblər.

Qeyd edək ki, Bəhmən Abuzər oğlu Abuzərov 1971-1981-ci illərdə Qaravəlli kənd tam orta məktəbində təhsil alıb. 1981-ci ildə təhsilini davam etdirmək üçün Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna – indiki Bakı Slavyan Universitetinə qəbul olub. 1993-cü ilin oktyabrında könüllü cəbhəyə yollanıb.1994-cü il yanvarın 26-da Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
5 noyabr 2022-ci ildə Prezident İlham Əliyevin əmri ilə “Azərbaycan Bayrağı'” ordeni ilə təltif edilib.