“Bəzən bu cür qadınlar eyni vaxta 5-6 kişini tora salıb, hamısı ilə eyni vaxtda “kəbinli” olurlar…”

Deyirəm Allah evin yıxsın bu ayfon çıxardanın; kişiləri durduğu yerdə tələyə salır. Necə? Deməli, boşanmış (bəzi hallarda ərli) qadınlar arasında dəb düşüb: ayfonla şəkillərini çəkib, xüsusi proqrama salıb, həm özlərini xeyli cavanlaşdırır, həm də xeyli gözəlləşdirirlər (heç bir kosmetoloqun etdiyi makiyaj bu proqramın imkanlarına çata bilməz). Bu cür “gənc”  və “gözəl” şəkillərini sosial şəbəkə hesablarında paylaşırlar. Bu cür “gəl-gəl” deyən şəkilləri görən surətpərəst kişilər hayıl-mayıl olub, postun  altından ürək-falan qoyurlar. Sonra da, şəxsidə tanışlığa girişirlər. Ayfonlu xanım daha bir neçə şəkil  atıb, kişinin ürəyinə yol tapandan sonra deyir ki, mən  dindaram, oruc tutub, namazımı da ötürmürəm,  səninlə ancaq kəbin kəsdirməklə görüşə bilərəm. Beləliklə, surətpərəst kişi qadını görüb söhbət etmədən bu təklifə razılaşır. Ayfonlu “dindar” xanım ardıycan deyir ki, mənim valideynlərim evli kişi ilə kəbin kəsdirməyimə razı olmazlar, biz bunu öz aramızda ancaq gizli edə bilərik. Kişi razılaşıb, mollanın cibinə 50 manat basır ki, bu qadınla mənim kəbinimi kəs, yaxud siğə elə (heç kəs bilməsin). Molla pulu görəndə bütün şəriət qaydalarını  və Quranın hökümlərini “unudur”. Hər tərəfdən azı iki nəfərin  şahidliyi ilə kəbin kəsməyin vacib olduğunu “unudaraq”,  gizli şəkildə bunların zina etməsinə şərait yaradır….

Beləliklə, surətpərəst kişi həmin qadınla gizlində görüşür. Görüşərkən, görür ki, bu,  şəkildəki, yazışdığı qadına az oxşayir (bunun yaşı daha çoxdur və şəkildəki gözəlliyi yoxdur). Fikirləşir ki, yəqin qadının   salona getməyə vaxtı olmayıb. “Cəhənnəmə” deyib, görüşür…
Qadın fürsətdən istifadə edib, kişidən hər gün bir bəhanə ilə pul çəkir… Kişi də qadının “namaz qılıb”, “oruc tutan”, “mömünə” “xanım” olmasına, ona xəyanət etməyəcəyinə inanıb, hər gün istədiyi məbləği verir…. Bir neçə ay belə davam edəndən sonra kişinin pulunun azaldığını, istədiyi məbləği daha verə bilmədiyini görən  “mömünə” qadın kişidən tələb edir ki, ya mənə böyük məbləğdə pul ver, ya da kəbinimizi poz, mən başqasına ərə gedəcəm. Uduzduğunu və kullanıldığını görən surətpərəst məcbur qalıb kəbini  geri oxutdurur…. Ayfonlu qadın sosial şəbəkədə növbəti ovunun axtarışına çıxır…  Kişi isə, keçirdiyi əsəb və stressdən qurtulmaq üçün psixoloqa üz tutur….
Bəzən, hətta, bu cür “mömünə” qadınlar eyni vaxta 5-6 belə surətpərəst kişini tora salıb, hamısı ilə eyni vaxtda “kəbinli” olurlar.  Onların “orucuna” “namazına” aldanan kişilər ayılanda artıq müflüs olduqlarını görürlər və bunun stresindən, depressiyasından çıxmaq üçün uzun müddət psixoloq qəbuluna gəlməli olurlar.
(Həkimlik təcrübəmdə bu cür hallarla son vaxtlar tez tez qarşılaşdığımdan, bu mövzunu qabartmaq məcburiyyətində qaldım ki, bəzi surətpərəstlər qadınların orucuna, namazına aldanmasınlar).
 Şəkillərini ayfon proqramı ilə cavanlaşdırıb, gözəlləşdirib paylaşan qadınlara buradan  demək  istəyirəm ki, nə edirsiniz edin, heç  olmasa  günahlarınızı dinlə, hicabla, namazla…pərdələməyə çalışmayın. Onsuz da gec-tez “pərdə”niz cırılır və qurbanlarınız  sizi tanıyır. Bu vaxt insanların dinə, həqiqi dindarlara olan inamları sarsılır. Allahı sevirsinizsə belə etməyin.
Mollalara isə, dinə, imana gəlməyi arzulayıram.  Gizli (şahidsiz) kəbin kəsməklə, kişilərin tələyə salınmasına şərait yaratmamalarını  tövsiyyə edirəm. Quranın hökmlərinə birinci özünüz əməl edin ki, camaat da sizdən nümunə götürsün.
Həkim olaraq, bəzi  surətpərəst kişilərə  demək istəyirəm ki, şəkili fotoşop edib, mələk qanadı çalışmaqla  insan mələk olmur. İndi ayfon zəmanəsi olduğunu nəzərə alıb, şəklinə vurulduğunuz qadına real həyatda baxıb, görün fotodakına nə qədər oxşayır?! Qadınların hicabı, namazı sizləri çaşdırmasın. “Demədi” deməyin.
Paşa Yaqub
Psixoterapevt, Elmi-lədun bilicisi