“Fransada erməni diasporunda muzdla çalışanlar Azərbaycanla Ermənistan arasında sülhün əleyhinədir” – RƏY

“Fransadakı erməni diasporunda muzdla işləyənlər var və onlara Azərbaycanla Ermənistan arasında sülhün yaranması sərf etmir”.

Bu fikirləri “Report”un Fransa bürosuna bu ölkədə fəaliyyət göstərən Türklərin Mədəniyyət Assosiasiyalarının Birliyi, Dünya İş Türk Konqresinin Fransa təmsilçisi Lütfi Bilgen deyib.

Onun sözlərinə görə, Fransada erməni mövzusunda azad şəkildə danışmaq mümkün deyil. Bu mövzuda danışanlara isə dərhal “antierməni” damğası vurulur:

“Fransada “yaxşı erməni”lərdən ağız dolusu danışılır, lakin mənfilərdən danışmağa imkan verilmir. Məsələn, İkinci Dünya müharibəsi zamanı Fransa uğrunda vuruşan ermənilərdən tez-tez söhbət açılır. Halbuki, müharibə vaxtı faşistlərin tərəfində vuruşan ermənilər də olub ki, bu mövzuya toxunmaq qadağandır. Fransa cəmiyyətində bu mövzuda düzgün, ədalətli, açıq debatlara ehtiyacımız var”.

Lütfi Bilgen bildirib ki, Fransada erməni diasporu Azərbaycan-Ermənistan arasındakı münaqişə haqqında həqiqətin və düzgün məlumatların yayılmasına imkan vermir:

“Erməni diasporu yalnız assosiasiyalardan ibarət deyil. Onlar arasında muzdla işləyən peşəkarlar da fəaliyyət göstərirlər. Bu şəxslər təxribatlar törədir, aranı qarışdırmağa çalışırlar. Onlar bu yolla çörək pulu qazanırlar. Onlar Azərbaycan və Ermənistan arasında sülhün yaranmasında maraqlı deyillər. Çünki sülh olarsa, onların fəaliyyəti dayanacaq, qazancları kəsiləcək”.

Mənbə: Oxu.Az