Makronun ittihamları Azərbaycan-Fransa əlaqələrinə son qoyur? – AÇIQLAMA

Prezident İlham Əliyev ötən gün Astanada keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı Fransa Prezidenti Emmanuel Makronun mövqeyini sərt şəkildə tənqid edib. Dövlət başçısı bildirib ki, Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən təxminən bir həftə sonra Fransa prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış edib. Belə ki, Makron Azərbaycanın dəhşətli müharibə törətdiyini iddia edib. O cümlədən, Rusiyanın Azərbaycan oyununu oynadığını, lakin Fransanın heç vaxt Ermənistanı atmayacağını da vurğulayıb. İlham Əliyev isə bu qərəzli çıxışlara cavab olaraq qeyd edib ki, bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində hər hansı rol oynaması mümkün deyil. 

Mövzu barədə Oxu.Az-a açıqlama verən politoloq Samir Hümbətov diqqətə çatdırıb ki, Fransa daim ermənipərəst mövqedən çıxış edib, hətta Qarabağdakı qondarma rejimi müstəqil dövlət kimi tanımağa da cəhd göstərib:

“Son 30 il ərzində prosesə Fransa ikili standartlarla yanaşıb. Hətta Ermənistanın tanımadığı bir qurumu, Qarabağdakı qondarma rejimi müstəqil dövlət kimi tanımaq niyyətində idi. Yəni Fransa Azərbaycana qarşı heç də xoş niyyətli olmayıb. Ötən illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olaraq Fransanın mövqeyində ancaq ermənipərəstlik görmüşük”. 

Ekspert hesab edir ki, belə addımların atılmasının səbəbi Fransadakı erməni lobbisinin Fransa hakimiyyətinə bu və ya digər formada təsiretmə imkanın olmasıdır:

“Görünən odur ki, fransız siyasətçilər erməni lobbisinin girovuna çevriliblər, bu təsir nəticəsində Azərbaycanla münasibətlərdə gərginlik davam etdirilir. Biz isə regionda və dünyada sülhün təmin olunması üçün bütün dövlətlərlə, beynəlxalq qurumlarla bərabərhüquqlu münasibətlərimizi davam etdirməyə səy göstəririk”. 

Bundan sonrakı Azərbaycan-Fransa münasibətlərinə gəldikdə isə politoloq söyləyib ki, Azərbaycan Fransanın bundan sonra atacağı addımlara adekvat cavab verəcək:

“Düşünürəm ki, Fransanın mövqeyində ciddi dəyişiklik olmasa, yəni Azərbaycana qarşı təxribatçı fikirlər səsləndirsə, bu, Azərbaycanın ciddi reaksiyasına səbəb olacaq. Amma indiki halda düşünmürəm ki, rəsmi Bakı tam şəkildə Fransa ilə əlaqələri kəssin və ya problemi başqa formaya keçirsin. Çünki Fransa Avropa İttifaqının əsas lokomotivlərindən hesab olunur, Avropa Şurasının üzvüdür, bir sıra təşkilatlarda Azərbaycanla birgə fəaliyyət göstərir. Bütün bunları nəzərə alaraq Azərbaycanın Fransayla əlaqələri kəsməsi indiki mərhələdə inandırıcı görünmür. Azərbaycanın burada əsas marağı Qarabağ məsələsinin tam şəkildə həll edilməsi, Ermənistanın ərazi bütövlüyümüzü tanıması, irəli sürülən şərtlərin Ermənistan tərəfindən tam şəkildə yerinə yetirilməsinin təmin edilməsidir”.

Sayad Həsənli

Mənbə: Oxu.Az