Dini abidələrimizin bərpası dövlətin dini siyasətinin əsas istiqamətini təşkil edir

Azərbaycan tarixən dinlərin və mədəniyyətlərin qovşağı olub. Təsadüfi deyil ki, zaman keçsə də ölkəmiz dinlərin və mədəniyyətlərin qovuşduğu tarixi məkan kimi indi də eyni funksiyanı yerinə yetirməkdədir. Bu gün qürur və fəxarət hissi ilə deyə bilərik ki, dini və etnik müxtəliflik ölkəmizin ən böyük zənginliyinə çevrilib.

Politoloq Turan Rzayev deyir ki,  bu gün Azərbaycan təkcə sosial-iqtisadi uğurlarına, hərbi-siyasi potensialına görə deyil, eyni zamanda vicdan azadlığının və multikultural mühitin təmin edilməsi, yüzilliklər ərzində formalaşmış tolerantlıq ənənələrinin qorunmasına görə regionun lider dövlətidir:

“Hətta ölkəmiz hazırda islam dünyasında dövlət-din münasibətlərini həm hüquqi, həm də mənəvi cəhətdən tam tənzimlənməsinə nail olmuş nadir ölkələrdəndir. Çünki Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi proseslərin cərəyan etdiyi bir regionda din siyasətinin qüsursuz həyata keçirilməsi olduqca çətin bir məsələdir. Bunun üçün ilk növbədə, güclü və qətiyyətli siyasi iradənin, həmiçinin iqtisadi və siyasi müstəqilliyin olması zəruri şərtdir. Azərbaycanda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dinə, dini-tarixi abidələrin qorunub-saxlanılmasına xüsusi diqqət və qayğısı var.

Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sferaya diqqət və qayğısı həm normativ sahədə qəbul edilən qərarlar, həm də əməli addımlarla dövlət-din münasibətləri ilə bağlı qəbul edilmiş konstitusion hədəflərə tam nail olunub. Hər şeydən öncə onu demək olar ki, ölkəmizdə vətəndaşların vicdan azadlığı hüququ birbaşa konstitusiyamızda, eyni zamanda “Dini etiqad azadlığı haqqında” qanunda müfəssəl şəkildə təsbit olunub. Digər tərəfdən ölkəmizdə dövlət-din münasibətləri istiqamətində həyata keçirilən uğurlu siyasətinin davamı olaraq Azərbaycan bir neçə dəfə beynəlxalq dini konfransların keçirilməsinə rəhbərlik edib. Xüsusilə dinlərarası və mədəniyyətlərarası dialoq, multikulturalizmin inkişafı qeyd edilən konfransların əsas müzakirə mövzuları olub. Bu həm də ölkəmizin təkcə ölkə daxilində deyil, bütövlükdə islam aləmində və dünya siyasi arenasında dinlərarası və mədəniyyətlərarası dialoqa verdiyi önəmi göstərir.

Azərbaycanda dini məbədlərin qorunması, bərpası, dini etiqad azadlığının milli dəyərlərimizin əsasında inkişaf etməsi həmişə diqqət mərkəzində yer alıb. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsi sonrası işğaldan azad edilən Qarabağda nəzərdə tutulan əsas infrastruktur layihələrindən biri məhz Azərbaycan xalqının məscidlərinin, qədim abidələrinin bərpası olub. Ağdam və Şuşa şəhərlərinə Prezident İlham Əliyev ailəsi ilə birlikdə səfəri zamanı hər iki şəhərdə bərpa edilən məscidlərə baş çəkib, görülən işlərlə yerindəcə tanış olub. Bu səfərlər zamanı diqqətçəkən ən önəmli məqam isə ölkə başçısı məscidlərə daxil olarkən ehtiram olaraq ayaqqabılarını çıxarmasıdır. Bu onun islam dininə göstərdiyi ehtiramın əyani sübutudur.

Ölkə başçısının yenidən qurulan məscidlərə müqəddəs torpaqlar olan Məkkədən gətirdiyi müqəddəs Qurani-Kərimi hədiyyə etməsi isə artıq ənənə halını alıb. Bu əslində onun timsalında Azərbaycanın başda islam dini olmaqla, bütün dinlərə ehtiramının, hörmətinin əyani sübutudur. Bu həm də işğal dövründə ermənilər tərəfindən dağıdılan donuz və inəklərin saxlanıldığı məkana çevrilən təhqirə məruz qalan çoxəsrlik islam məbədlərinə qayğının göstəricisidir”.

Dini abidələrə göstərilən dövlət qayğısı

Müstəqilliyimizin bərpasından sonra xalqımızın mənəvi irsinin bir parçası olan dini abidələrin təmir və bərpası istiqamətində zəruri addımlar atılmışdır. Belə ki, müstəqillik dövründə ölkəmizdə 800-dən artıq məscid inşa olunmuş, yüzlərlə məsciddə əsaslı təmir işləri aparılmış və yaxud yenidən qurulmuşdur. Təbii ki, görülən bu işlərdə əsas məqsəd vətəndaşların rahat ibadət etmələrini təmin etməkdir.

Özünəməxsusluğu qorunaraq təmir olunan və ya inşa edilərək istifadəyə verilən bu cür məscidlərdə ibadətlə yanaşı, elm öyrənilməsi üçün də şərait yaradılır. Azərbaycanda tolerantlığı dövlət siyasətinə çevirən Prezident İlham Əliyev ölkəmizi dünyanın inkişaf edən, bəşəri dəyərlərə sayğı göstərən ölkə kimi tanıda bilib. Artıq dünya birliyi əyani şəkildə görür ki, müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri uzun illərdir ki, ölkəmizdə dinc və qarşılıqlı anlaşma şəraitində yaşayırlar.

Hazırda ölkədə dövlət-din münasibətləri ən yüksək səviyyədə tənzimlənməkdədir. Ölkəmizdəki dini dözümlülük, bütövlükdə tolerantlıq mühiti və mədəniyyəti Ümummilli Lider Heydər Əliyevin müdrikcəsinə formalaşdırdığı dövlət-din siyasətinə uyğun olaraq daha da möhkəmlənərək dövlət siyasətinin əsas istiqamətinə çevrilmişdir. Bu baxımdan Prezident İlham Əliyevin “Azərbaycanda dövlət-din münasibətləri sağlam təməl üzərində formalaşıb və inkişaf edir” fikri heç də təsadüfi söylənməmişdir.

İşğaldan azad olunmuş məscidlərin bərpası həyata keçirilir

Hazırda respublikamızda Azərbaycan İlahiyyat İnstitutu və 5 dini təhsil müəssisəsi fəaliyyət göstərir. Ölkə ərazisində 2 253 məscid mövcuddur. İşğaldan azad olunmuş ərazilərimizdə indiyədək təsbit olunan tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgahdır. Bu ərazilərdə 67 məsciddən (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Bu gün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri Azərbaycan dövlətinin gücünü, ölkə rəhbərliyinin siyasi iradəsini və xalqımızın əzmini göstərir. Cənab Prezident də dəfələrlə öz çıxışlarında vurğulayıb ki, biz Vətən müharibəsində həm də erməni faşizminə qalib gəlmişik. Vaxtilə Ermənistanın işğal etdiyi ərazilərdə yaşayış məskənlərinin vəziyyəti, eləcə də dini və mədəni abidələrə qarşı törədilmiş vəhşiliklər erməni faşizminin nə qədər təhlükəli və qəddar olduğunu göstərir. Dini ibadət yerlərinin dağıdılması və donuzların saxlanıldığı yer kimi istifadə olunması erməni vandalizminin bariz nümunəsidir və bu abidələrin timsalında dünya və ölkəmizin mədəni irsinə münasibət beynəlxalq təşkilatlar, xarici dövlətlərin qınağına səbəb olmalıdır. Bu hal Ermənistan Respublikasının digər dinlərə münasibətini və həqiqi simasını əks etdirir.

İstər paytaxt Bakı şəhərində, istərsə də regionlarımızda ardıcıl olaraq dini ibadət yerləri, məscidlər inşa olunur, milli mirasımız olan dini abidələrimiz davamlı olaraq təmir və bərpa edilir. Bu istiqamətdə birinci vitse-prezident Mehriban xanım Əliyeva da çox mühüm fəaliyyət həyata keçirir. Azərbaycanın hər yerində, son dövrlərdə isə işğaldan azad edilmiş ərazilərimizdə dini abidələrimizin bərpası sahəsində görülən işlər ayrıca əhəmiyyət kəsb edir. Heydər Əliyev Fondu tərəfindən bu gün Ağdamda, Şuşada, Qubadlıda və digər azad edilmiş ərazilərimizdə məscidlər, minaralər təmir edilir, yenidən qurulur. Bütün bunlar Azərbaycanda İslam dininə olan münasibətin növbəti təzühürü hesab edilir. Ağdam məscidinə, Şuşa məscidinə ziyarəti biz yaxşı xatırlayırıq. Hətta, cənab Prezident İlham Əliyev Mehriban xanımla birlikdə gətirdikləri Qurani-Kərim kitablarını həm Ağdam, həm də Şuşa məscidlərinə təqdim etdilər.

Heydər Əliyev Fondu milli məqsədlərin reallaşdırılmasına töhfələr verir

Bu gün Heydər Əliyev Fondu işğaldan azad edilmiş ərazilərdə böyük abadlıq, quruculuq işləri həyata keçirir. Yəni, bu gün Zəngilan məscidi, Ağdam məscidi, Şuşadakı məscidlər Heydər Əliyev Fondunun xətti ilə təmir və bərpa olunur. Ermənistanın Şuşanı işğalda saxladığı dövrdə bir çox tarixi-mədəni abidələrlə yanaşı, bu məscidlər də vandalizmə məruz qalıb. Yuxarı Gövhər ağa məscidinin interyeri məhv edilib, minarələrinin dekoru zədələnib, örtükləri və s. dağıdılıb. Hazırda şəhərdə erməni vandalizminə məruz qalmış bir sıra tarixi-mədəni abidələrdə, o cümlədən Yuxarı Gövhər Ağa məscidində bərpa işləri aparılıb.

İşğal dövründə dağıntıya məruz qalan Aşağı Gövhər ağa məscidində isə xarici ekspertlərin iştirakı ilə qiymətləndirmə işləri aparılır.

Bundan başqa Prezident İlham Əliyevin bilavasitə tapşırığı ilə “Təzəpir”, “Bibiheybət”, “Cümə” və “Şamaxı” məscidlərinin tam əsaslı bərpasının həyata keçirilməsi birbaşa Azərbaycan xalqının milli dəyərlərinin ən yüksək səviyyədə qiymətləndirilməsinin göstəricisidir.

Heydər Əliyev Fondunun Azərbaycandakı tolerantlıq və multikultural dəyərlərin qorunaraq təbliğ edilməsi sahəsində fəaliyyəti xüsusi vurğulanmalıdır. Fondun maliyyə dəstəyi ilə Daşkəsəndəki Cümə məscidində, Xəzər rayonu, Binə qəsəbəsindəki Möhsün Səlim və İmam Rza məscidlərində, Mərdəkan qəsəbəsindəki Pirhəsən ziyarətgahı və Heydər məscidində, Buzovna qəsəbəsindəki Cümə məscidində, Gəncə şəhərindəki Şah Abbas və Həzrət Zeynəb məscidlərində yenidənqurma və əsaslı təmir-bərpa işləri görülüb. Fondun dəstəyi ilə bərpa olunan İmam Hüseyn məscidinin istifadəyə verilməsi də milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən tədbirlərdəndir.

Azərbaycanda dövlət-din münasibətləri

Çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu din-dövlət münasibətləri yüksək səviyyədədir və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir, multikultural həyat tərzinin daha da möhkəmlənməsi üçün böyük işlər görülüb və görülür. Təsadüfi deyil ki, Azərbaycanın tolerantlıq modeli dünyanın bir çox universitetlərində, o cümlədən yeni binası istifadəyə verilən Azərbaycan İlahiyyat İnstitutunda öyrənilir. Dövlət başçısı İlham Əliyevin aprelin 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirakı da bu kimi məqamların təqdimatında əhəmiyyətli rol oynadı. Hazırda Azərbaycan İlahiyyat İnstitutunda 277 tələbə təhsil alır, onların təlim-tərbiyəsi ilə 43 müəllim məşğul olur. İnstitutun müəllimləri tədris prosesi ilə yanaşı, dinşünaslıq və islamşünaslıq sahələrində elmi tədqiqatlar aparır, dərslik və monoqrafiyalar yazır, ölkədaxili və beynəlxalq elmi tədbirlərdə iştirak edirlər.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı əsasında 2015-ci ildə ölkəmizdə ilk Avropa Oyunlarının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi də Azərbaycanın tolerant ölkə olmasını, eyni zamanda, multikulturalizmi həyat tərzinə çevirdiyini bir daha təşdiqlədi.
Dini adət-ənənələrimizə hörmət əlaməti olaraq dini məbədlərimizin qorunması, onların yenidən qurulması Azərbaycan dövlətinin və xalqının həmişə diqqət mərkəzindədir və bu hal bundan sonra da belə davam edəcək.