Makronun siyasi fəallığının arxasında nə dayanır?

Və yaxud Fransa liderinin son vaxtlar, Azərbaycan prezidenti də daxil olmaqla, bir sıra dövlət başçılarına ardıcıl zəngləri nə ilə bağlıdır?

Fevralın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib. Xatırladaq ki, bu görüş Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə baş tutub. Görüş zamanı əvvəlcə Prezident Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə 2021-ci il dekabrın 14-də Brüsseldə keçirilmiş birgə görüşün əhəmiyyəti vurğulanıb və müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Elə həmin gün Fransa prezidenti Gürcüstanın dövlət başçısına da zəng vurub. Ardınca isə Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefonla danışıb. Telefon danışığı zamanı Ukrayna ətrafındakı vəziyyət və Rusiyanın təhlükəsizliyi üçün uzunmüddətli hüquqi zəmanətlərin işlənib hazırlanması təşəbbüsü ilə bağlı məsələlər davam etdirilib. Bundan əvvəl isə Makron Ukrayna Prezidenti Volodemir Zelesnki ilə telefon əlaqəsi yaradıb.

Maraqlıdır ki, Fransa prezidentinin bu cür siyasi gedişlərinin arxasında nə dayanır? Yaxud son dönəmlər Fransa-Azərbaycan münasibətlərində yeni dönəmə qədəm qoyulduğunu düşünmək olarmı?

Mövzu ilə bağlı “Hürriyyət”ə danışan politoloq, keçmiş dövlər müşaviri Qabil Hüseynli xatırlatdı ki, Makron bu təşəbbüsləri etməzdən əvvəl ABŞ prezidenti Baydenlə də bir neçə dəfə telefon əlaqəsində olub:

“Zənnimcə, Fransa Avropa Birliyinin sədri olduqdan sonra daha da casarətlənib, daha da təşəbbüskar olublar. Avropa Birliyi ölkəsinin daha hegomonluğunu bərqərar etmək naminə siyasi fəaliyyətlərini daha da genişləndiriblər. Onun ABŞ tərəfindən müəyyən impluslar aldığını da söyləmək mümkündür. Çünki Makron bu təşəbbüsləri etməzdən əvvəl ABŞ prezidenti Baydenlə bir neçə dəfə telefon əlaqəsində olub. Makron daha sonra Rusiyaya gedəcəyini və Ukrayna məsələsini müzakirə edəcəyini bildirmişdir. Lakin bunun bir sıra məqamlardan aslı olduğunu da demişdir.

Bizim üçün ən əhəmiyyətlisi odur ki, videoformatda Azərbaycan və Ermənistan prezidentləri ilə görüş keçirdi. Bunu dekabrın 15-də keçirilmiş Brüssel görüşünün davamı kimi də qiymətləndirmək olar. Bu görüşdə Avropa Birliyinin prezidenti Şarl Mişel də iştirak edib. Yəni Avropa Birliyinin və Fransanın adından Azərbaycan və Ermənistan arasındakı prosesləri yenidən gündəmə gətirmişlər. Zənnimcə, Azərbaycanın bu prosesə qoşulmasının əsas məqsədi bölgədə sülhyaratma təşəbbüsünün yaradılmasıdır. Ermənistanda da bununla bağlı müəyyən qədər arzu və əhval-ruhiyyə hiss olunur. Praktik addımlar atmaqda müəyyən qədər geciksələr də, hər halda bu görüşün əhəmiyyətli olduğunu deyə bilərik. İstər Avropa Birliyi, istərsə də Fransa Ermənistanı himayə etmək niyyətlərini kənara qoyub, səmimi olaraq sülhyaratma proseslərinə girişiblərsə bunu alqışlamaq olar. Bölgədəki proseslər Rusiyanın inhisarı altındadır. Rusiya isə proseslərə nə obyektiv yanaşmağı, nə də bu proseslərin həllini sürətləndirməyi istəmir. Hər halda bu proseslərə yeni bir qüvvənin qoşulmasını və danışıqlar prosesində bütün istiqamətlərdə rol oynaması olduqca əhəmiyyətlidir”.

Politoloq Ukrayna məsələsində Makronun təşəbbüslərinin ABŞ-ın oynadığı rola töhvə ola biləcəyini düşünür:

“Fransa Avropa Birliyinin ən millətci hisslərinin olduğu bir ölkədir. Fransızlar əvvəldən belə olublar. Onlar çox da uzaq olmayan bir dövrdə bütün müstəmləkələrin sahibi olan metropol ölkə statusunda olublar. İndi də həmin ambisiyaları davam etdirirlər. Amma Ukrayna məsələsində NATO və Qərbin kiçik istisnalar olmaqla həmrəy olduqlarını göstərir. Bütövlükdə Rusiyanı “yerinə oturtmaq” arzusu onların hamısında özünü göstərir. Düzdür ki, Fransa həmişə NATO və Avropa Birliyində fərqli fikirlər söyləyən bir mövqedə dayanır. İndiki məqamda Rusiyaya qarşı mövqedə Avropa ölkələri ilə ABŞ arasında ciddi rəqabət elementi yoxdur. Sanki hamısı “çəkici” bir yerə vurmaq istəyir. Ukrayna məsələsində Makronun təşəbbüsləri də ABŞ-ın oynadığı rola töhvə ola bilər. Qərb Ukrayna məsələsində kifayət qədər cəsarətli və həmrəy mövqedə hərəkət edir”.

Qeyd edək ki, Vətən müharibəsi dövründə Fransa prezidenti Azərbaycana qarşı apardığı siyasətlə birmənalı mövqe nümayiş etdirməyib. O, sanki Ermənistanın işağçılıq siyasətinə açıq-aşkar dəstək verən ölkə başçısı kimi tanınıb. Qabil Hüseynli qeyd edib ki, Vətən müharibəsi zamanı Makron kifayət qədər ciddi səhvlərə yol verməklə yanaşı, eyni zamanda özünü də rüsvay edib: “Bu könül məsələsidir. Əlbəttə, hazırda Avropa Birliyinin prezidenti Şarl Mişelin və Fransa Prezidenti Makronun hərəkətlərində Ermənistana tam himayəlik elementləri hiss olunmur. Hələ Qarabağın dağlıq hissəsindəki separatçıların adı çəkilmir və onları himayə etmək niyyətləri büruzə vermir. Digər tərəfdən, ATƏT-in Minsk Qrupunun yenidən “dirildilməsi” məsələsinin üstündən keçirlər. Azərbaycanın Qərbin enerji təchizatında oynadığı rolu nəzərə almaqla, hörmətlə yanaşmağa başlayıblar. Əlbəttə, Vətən müharibəsi zamanı Makron kifayət qədər ciddi səhvlərə yol verib. Eyni zamanda, özünü də rüsvay etdi. İşğalçını müdafiə etməklə və ona haqq qazandırmaqla Avropa dəyərlərini də gözdən saldı. Hazırda isə reallıqları nəzərə alırmışlar kimi görünürlər. Yaxud da belə görünməyə çalışırlar. İndiki məqamda proseslərdə tərəfbazlıq etmirlər. Bu məsələdə Rusiyanın Cənubi Qafqazdakı təsirini azaltmaq uğrunda mübarizə də var. Eyni zamanda Azərbaycanın Qərbin enerji və nəqliyyat dəhlizi rolunu oynamasını ciddi dəyərləndirərək, Azərbaycana iki milyard avroluq maliyyə paketi ayırmaq qərarına gəlmələri də müsbət tendensiyadır. Bütün bunlar göstərir ki, hələ proseslər öz axarında gedir. Bu proseslərə Prezident İlham Əliyev şəxsən nəzarət edir. Proseslərin ölkənin ziyanına cərəyan etməməsi üçün nə lazımdırsa edilir. Hər halda Avropa Birliyinin və Fransanın proseslərə müdaxiləsini arxayınlaşmadan müsbət qiymətləndirməklə yanaşı, bunun sülhyaratma prosesində rəqabət mühitinin yaranmasına gətirib çıxaracağını da deyə bilərik”.