ABŞ “üçüncü dünya müharibəsində” Rusiyaya məğlub oldu?

Rizvan Hüseynov: “Qərb vəziyyətin gərginləşməsində, hərbi hərəkətlənmənin olmasında maraqlıdır…”

Elxan Şahinoğlu: “ABŞ Çinlə münasibətlərini normallaşdırsa, Çin özü də Rusiyadan uzaqlaşacaq”

Məhəmməd Əsədullazadə: “Ümumiyyətlə ABŞ və Rusiya arasında Ukrayna böhranı fonunda gedən danışıqlarda müsbət nəticə əldə edilmədi”

Son günlər Qərb mediasında “üçüncü dünya müharibəsi”nin bitdiyi və ABŞ-ın Rusiyaya məğlub olduğu ilə bağlı məqalələr dərc edilir. Qeyd edilir ki, Ukrayna böhranı ilə bağlı ABŞ-la Rusiya arasında yaşanan “soyuq savaşın” yeni raundu Putinin Çinə səfəri ilə Moskvanın xeyrinə sonuclandı.

Əlbəttə, Rusiya ilə Ukrayna arasında gərginlik artdıqca diplomatik görüşlər də intensiv xarakter alır. Kanada, Almaniya və ABŞ xarici siyasət idarələri rəhbərlərinin Ukraynaya səfərləri bunu deməyə əsas verir. Bu, həm də Ukrayna-Rusiya münasibətlərindəki gərginlikdən Qərbin də narahat olduğunun göstəricisi sayıla bilər. Çünki iki ölkə arasındakı ehtimal olunan silahlı qarşıdurma, yaxud müharibə NATO sərhədlərində də təhlükəsizliyin təhdid edilməsinə səbəb ola bilər.

Bəs, həqiqtənmi, Qərb mediasının yazdığı kimi, ABŞ “üçüncü dünya savaşında” Rusiyaya məğlub oldu?

“Ukrayna-Rusiya qarşıdurması hələ çox uzun çəkəcək”

Politoloq Rizvan Hüseynovun fikrincə, əslində,  Rusiyanın sifarişi ilə Qərb mətbuatında belə məlumatlar dərc edilir. Çünki Kreml hazırki durumda müharibədən qaçır:

“Bu, çox sərsənm bir fikirdir. Bəllidir ki, Rusiyanın sifarişi ilə Qərb mətbuatında belə bir məlumat verilib. Fakt odur ki, Rusiya bu vəziyyətdə müharibədən qaçır. Hiss olunur ki, Qərb vəziyyətin gərginləşməsində, hərbi hərəkətlənmənin olmasında maraqlıdır. Fransa və Almaniya istəməz ki, müharibə olsun. Açıqca Rusiyanın mövqeyini dəstəkləyirlər. Polşa tam fərqli mövqedədir. Ehtiyyatlı davranaraq çalışır ki, Ukrayna tərəfdə olsun. Bu proseslərdə İngiltərənin öz oyunu var. Türkiyə sözdə deyil, əməldə Ukraynaya dəstək olur, ciddi olaraq hərbi-texniki baxımdan Ukraynaya dəstək olan ölkədir. Bu, Türkiyənin Ukraynaya satdığı “Bayraktar”larda da özünü göstərdi. Ukrayna Donbas tərəfdə olan münaqişədə “Bayraktar”lardan istifadə edərək, faktiki olaraq düşməni məhv edərək qalib gəldi.

ABŞ-ın bu proseslərdə marağı var. Hiss olunur ki, dünya çətin seçim qabağındadır. Yeni iqtisadi formata keçid müşahidə edilir. Bu baxımdan, müharibəyə oxşar hərəkətlər hiss olunur. Əslində, Ukrayna-Rusiya müharibəsindən danışılırsa, bu hibrid müharibə sayılır. Klassik və müasir hibrid müharibələrin növüdür. Daha çox informasiya müharibəsi gedir.

Bu proseslərdə bir oyunçunu da unutmaq olmaz. Söhbət Çindən gedir. Əslində, ABŞ üçün Rusiya heç bir problem yaratmır. Əsas problem Çindir. Bildiyiniz kimi, Çin iqtisadiyyatı ciddi problemə çevrilib. Sözsüz ki, iqtisadiyyatı güclü olan ölkənin xarici siyasəti də güclü olar. Bu baxımdan, ABŞ Rusiyadan istifadə edərək Çinə qarşı koalasiya yaratmaq istəyir. Yəqin ki, Rusiya da bunu anlayır. Rusiya maksimum neytral mövqe sərgiləməklə, ABŞ ilə Çin arasında olan oyunçuya çevrilmək istəmir. Bu yaxında olimpiya oyunlarının açılışında iştirak edən Putin Çin rəhbəri ilə görüşdü. Görüşdə Putin Çin rəhbəri ilə bəzi məsələlərdə maksimum razılaşmağa çalışdı. Bu səfərin tam uğurlu olduğunu deyə bilmərəm. Görüş daha çox Çinin xeyrinə oldu. ABŞ, Çin və Rusiya üçlüyündə “zəif bənd” Rusiyadır. Bunun həm daxili, həm də xarici səbəbləri var. Bu zəif bənddən istifadə etmək meylləri hiss olunur. Əslində Ukrayna tələdir. Burda ən çox əziyyət çəkən də Rusiya ola bilər. Düzdür ki, Ukrayna da əziyyət çəkəcək. Kim necə bacarırsa, bu proseslərdə öz xeyrini güdür.

Türkiyə düzgün siyasət yürüdür. Açıq-aşkar heç kimdən çəkinməyərək, Ukrayna ilə çox uğurlu əməkdaşlıq edir. Son günlərdə Ərdoğanın Ukraynaya səfəri faktiki olaraq Ukrayna iqtisadiyyatının böyük qisminin Türkiyənin əlinə keçdiyini göstərdi. Məlum oldu ki, Türkiyənin məhsulları üçün Ukrayna bazarında çox güzəştli şərait yaradılacaq. Nəzərə alaq ki, burda türk mallarının Ukrayna bazarında satılması üçün çox böyük şərait yaradılır. Eyni zamanda, türk məhsulları Ukrayna vasitəsilə yeni bazarlara da çıxa bilər. Türkiyə sənayesi çox böyük şans əldə edib. Bu baxımdan da Ukrayna-Rusiya qarşıdurması hələ çox uzun çəkəcək. Hibrid müharibə çərçivəsində hər ölkə çalışacaq ki, öz maraqlarını güdsün.

Yeni ittifaqlar yarana bilər. Polşa, Böyük Britaniya və Ukrayna müvəqqəti ittifaqı yaranıb. Daha sonra Azərbaycan Türkiyə ilə Şuşa bəyannaməsi imzalayıb. Bu da çox uğurlu hərbi-siyasi ittifaqdır. Bu, onu göstərir ki, qloballaşan dünyada ciddi problemlər olduğu üçün bəzi ölkələr qloballaşmaya qarşı çıxır. Yaxın Şərqdə Türkiyənin nüfuzu artır. Burda ABŞ-ın geri çəkilməsinin də rolu var. Qloballaşmanın yerinə regionlaşma gəlir. Proseslərə bir qüvvə nəzarət etmirsə, təbii ki qruplaşmalar yaranacaq. Bu qruplaşmalar da iqtisadi və digər maraqlarına görə nəzərə çarpır.

Çin Qazaxıstandakı vəziyyətdən məharətlə istifadə edə bildi və Orta Asiyada gücləndi. 19-cu əsrdə “Vəhşi Qərb” anlayışı olub. Kim nə qədər bacarırsa, rəqibini əzməyə çalışır. Həmin “Vəhşi Qərb” anlayışı indi də bütün dünyada hiss olunur. Azərbaycan 2020-ci ildə dünyada yaranmış beynəlxalq vəziyyətdən məharətlə istifadə edərək, lazımi anda lazım olan işi gördü. Bəzən deyirlər ki, hələ iş tamamlanmayıb. Əlbəttə, bəzi problemlər qalıb. O problemlər də həllini tapacaq. İstər hərbi-siyasi yolla, istəsə də iqtisadi alətlərdən istifadə etməklə həll olunacaq. Şuşa bəyannaməsi bu işdə böyük rol oynayacaq”.

“Müharibə başlasa Rusiya üçün ağır nəticələri olacaq”

Politoloq Elxan Şahinoğlunun fikrincə, indiki məqamda Rusiya iqtisadiyyatında zəifləmələr var və rubl da getdikcə dəyərdən düşür. O qeyd edib ki, bu səbəbdən də Rusiya Çinlə ittifaq qurmağa çalışır:

“ABŞ “Soyuq müharibə”də Sovet İttifaqı üzərində qələbə qazandı. Nəticədə Sovetlər Birliyi dağıldı. 1991-ci ildə Rusiya müstəqilliyini elan etdi. 2000-ci illərdə isə Rusiyanın daxili problemləri çox olub. İki dəfə Çeçenistanda müharibə baş verib. 2000-ci illərdən sonra neftin qiyməti qalxdı və Putin də hakimiyyətə gəldi. Nəticədə Rusiya bir qədər güclənməyə başladı. Biraz da beynəlxalq aləmdə gücünü artırmağa çalışdı. Kreml müəyyən hədəflərə çatdığını düşünür. Çeçenistan müharibəsində qələbə qazandı, 2008-ci ildə Gürcüstanı parçaladı və Cənubi Osetiya və Abxaziyanı ələ keçirdi. 2014-cü ildə Krımı ilhaq etdi. Donbasda isə separatçı bölgə yaratdı. Bütün bunlara görə bəziləri düşünə bilər ki, ABŞ heç nə edə bilmədi. Fikirləşə bilərlər ki, Rusiya ABŞ üzərində qələbə qazandı. Bu da müvəqqəti taktiki qələbədir. Çünki Rusiya Ukrayna məsələsində ciddi şəkildə ilişib. Müharibə başlasa Rusiya üçün ağır nəticələri olacaq. ABŞ əlindən gələn edəcək ki, Rusiya zəifləsin.

İndiki məqamda da Rusiya iqtisadiyyatında zəifləmələr var. Rubl da getdikcə dəyərdən düşür. Rusiya Çinlə ittifaq qurmağa çalışır. Bu günlərdə Rusiya Prezidentinin Çinə səfəri oldu. Çinlə Rusiyanı “antiamerika siyasəti” birləşdirir. Amma bir gün ABŞ Çinlə münasibətlərini normallaşdırsa, Çin özü də Rusiyadan uzaqlaşacaq. Çünki Çin hazırda Rusiya ilə taktiki yaxınlaşamağa çalışır. Hər ikisi “antiamerika siyasəti” yürüdür. Doğrudur ki, ABŞ-ın çox böyük səhvləri var. Buna baxmayaraq hesab etmirəm ki, ABŞ Rusiyaya məğlub olub. Vaxtında Ukraynanı NATO üzvü etsəydilər, Rusiya nə Ukraynanı, nə də Gürcüstanı tapdalaya bilərdi”.

Elxan Şahinoğlu qeyd edib ki, bir qığılcım belə Ukrayna-Rusiya müharibəsinin başlanmasına rəvac verə bilər: “Düşünmürəm ki, Ukrayna ilə Rusiya arasında savaş ehtimalı bitib. O zaman bitəcək ki, Rusiya sərhəddəki yüz minlik qoşununu geri çəksin. Nəinki geri çəkmir, üstəlik Belarusdan əlavə qoşun hissələri də toplayıb. Bir qığılcım və təxribat müharibənin başlanmasına rəvac verə bilər. Müharibənin də bir neçə ssesnarisi var. Rusiya 2014-cü ildə saxta referendumla Krımı ilhaq etdisə, Donbası da belə ələ keçirə bilər. Bu zaman baş verən toqquşmalarla Rusiya və Ukraynadan ciddi itkilər olacaq”.

“Ukrayna böhranı davam edərsə, bu ABŞ-ın qələbəsi ilə bitəcək”

ABŞ və Rusiya arasında Ukrayna böhranı fonunda gedən danışıqlarda müsbət nəticə əldə edilmədiyini deyən politoloq Məhəmməd Əsədullazadə isə qeyd edib ki, Ukrayna böhranı davam edərsə, bu ABŞ-ın qələbəsi ilə bitəcək:

“Ümumiyyətə Rusiya ilə ABŞ arasında baş verən “soyuq müharibə” dövründə ABŞ Rusiyanı məğlub etdi və birqütüblü dünya yaratdı. Düşünmürəm ki, ABŞ Rusiyaya uduzsun. Sadəcə, 2000-ci ildə Putinin hakimiyyətə gəlişindən sonra Rusiya iqtisadi cəhətdən inkişaf etdi. Yeni silahlar istehsal edilməyə başlanıldı. Hazırda “soyuq müharibə” davam edir. Rusiya çoxqütüblü dünya tələb edir. Təbii ki, Qərb qəti şəkildə Rusiyaya bu imkanı verməyəcək. Ukrayna böhranı davam edərsə, bu ABŞ-ın qələbəsi ilə bitəcək. Düşünürəm ki, bu növbəti bir “soyuq müharibə”dir. Ümumiyyətlə, ABŞ və Rusiya arasında Ukrayna böhranı fonunda gedən danışıqlarda müsbət nəticə əldə edilmədi. Düşünürəm ki, bundan sonra da müsbət nəticə əldə olunmayacaq. Çünki bu halda Rusiya geri addım atmış olur. Rusiya 2014-cü ildən fərqli olaraq, Qərbin bir cəbhədə birləşməsini gözləmirdi. Demək olar ki, Rusiya Ukrayna ilə müharibədə maraqlı tərəfdir. Rusiya çalışır ki, əzələ gücü nümayiş etdirsin. Türkiyə prezidenti Ərdoğanın vasitəsilə yeni danışıqlar gözlənilir. Hətta Peskov Putinin Zelinski ilə görüşdən imtina etmədiyini də vurğulayıb. Bu o deməkdir ki, Rusiya tərəfdən müsbət mesajlar var. Ukraynanın ərazi bütövlüyü strateji məsələsidir. Donbasın işğaldan azad edilməsi Ukrayna üçün prioritet plan sayıla bilər. Qərb çalışır ki, Rusiyaya sanksiyalar tətbiq etsin. Bu da Rusiyanın zəifləməsi deməkdir. Amma Ukrayna-Rusiya arasında olan savaş ssenarisi bir qədər səngiyib. Yaz ayalarında Ukrayna Donbası azad etmək üçün hücum etsə, bu Qərbin planının işə düşməsinə səbəb olacaq. Rusiya Ukraynanın Şərq hissəsinə hücum edərsə, Rusiya üçün gözlənilməz nəticələrə gətirib çıxacaq. Amma böyük miqyasda Rusiya-Ukrayna münaqişəsi gözlənilmir”.