Vüqar Rəhimzadə: “Zəfər paradı tarixi Qələbəmizin nidası oldu”
“44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmiz 30 illik işğal dövrünün reallıqlarının, Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin qətiyyətinin, Azərbaycan Ordusunun gücünün, xalqımızın birliyinin təqdimatı oldu”.
Sedainfo.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib.
V. Rəhimzadə bildirib ki, Azərbaycan 30 il ərzində ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası tələbini dünyanın ən nüfuzlu təşkilatlarının, o cümlədən BMT-nin tribunasından səsləndirib: “Lakin bu qətnamələr 30 il kağız üzərində saralaraq, nə vaxtsa icra olunacağını gözlədi.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev daim bu bəyanatla da çıxış edirdi ki, qətnamələrin icrası üçün vahid mexanizm olmalıdır. Bəzi dövlətlər üçün bu qətnamələr bir neçə saat ərzində icra edilir, Azərbaycana gəldikdə isə 25 ildən artıqdır ki, gözləyirik. Münaqişənin həllində sülh danışıqlarına üstünlük verən Azərbaycan 30 ilə yaxın dövrdə Ermənistanın danışıqlara sadəcə imitasiya naminə qatıldığını görür və bu gedişlərin sonunu gözləyirdi. Amma işğalçı Ermənistan havadarlarının dəstəyinə arxalanaraq bu prosesin ömürlük olacağını düşünür, hələ bir qədər də irəli gedərək yeni ərazilər uğrunda müharibə planı hazırlayırdı. Artıq bütün bu proseslər arxada qalıb. Azərbaycan Vətən müharibəsində tarixi Qələbəsi ilə həm işğala, həm Ermənistanın yaratdığı miflərə, həm də dünyanın bu məsələdə ikili standartlara əsaslanan siyasətinə son qoydu”.
V. Rəhimzadə qeyd edib ki, Azərbaycan İkinci Qarabağ savaşında həm döyüş meydanında, həm də informasiya cəbhəsində üstünlüyünü dünyaya nümayiş etdirdi: “İşğalçı dövlət heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyildi. Azərbaycan 44 gündə yazdığı tarixlə haqqı-ədaləti, beynəlxalq hüququ bərpa etdi, işğala son qoydu”.
“Dağlıq Qarabağ münaqişəsi” ifadəsi artıq yoxdur” söyləyən V. Rəhimzadə bildirib ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daim hücum əmrini gözləyən Azərbaycan Ordusu göstərdiyi şücaəti ilə bir daha işğalçı Ermənistana yerini göstərdi, diz çökdürdü, kimin haqlı, kimin saxta tarix yazaraq yalanları ilə həqiqəti inkar etmək yolu tutduğunu dünyaya nümayiş etdirib.
V. Rəhimzadə qeyd edib ki, Vətən müharibəsində tarixi Zəfər dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatının, Zəfər paradı isə tarixi Qələbəmizin nidası olub: “Ötən ilin 10 dekabrında keçirilən Zəfər paradı Azərbaycan xalqının yenilməzliyini, məğrurluğunu, tarixinə, torpaqlarına sahib çıxan xalq olduğunu bir daha dünyaya nümayiş etdirdi. Paradda Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin məhv etdiyi, yaxud qənimət kimi götürdüyü hərbi texnikalarının bir qismi də nümayiş olundu.
Zəfər paradı Azərbaycan-Türkiyə dostluğunun sarsılmazlığına da işıq saldı. Belə ki, müharibə başlandığı ilk gündən Azərbaycanın yanında olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər paradında da dövlət başçısı İlham Əliyevin yanında oldu. Dövlət başçısı İlham Əliyevin “Bu gün Türkiyə-Azərbaycan tarixində çox əlamətdar, önəmli bir gündür. Bu gün biz birlikdə Zəfər paradını seyr edərkən bir-birimizi təbrik etdik. Bu Zəfər münasibətilə xalqlarımızı təbrik etdik. Bu tarixi Zəfər bizim birliyimizin təcəssümüdür” sözlərinin davamı olaraq Türkiyə Prezidenti Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə dastan yazmaqda davam edəcəyinə əminliyini ifadə etməklə yanaşı, onu da qeyd etdi ki, Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, Prezident İlham Əliyevə aiddir. “Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirib. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi altında, inşallah, dastan yazmaqda davam edəcək”, – deyə Türkiyə lideri bəyan etdi”.
O, son bir ildə gördüyü işlərə diqqəti yönəldərək bildirib ki, Azərbaycan dastan yazmaqda davam edir: “İşğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işləri həyata keçirilir, soydaşlarımızın Böyük Qayıdışı yaxınlaşır. Son bir ildə işğaldan azad edilmiş torpaqlarımızda ən mühüm hadisələrin qeyd olunduğu zamanlarda Azərbaycan və Türkiyə Prezidentlərinin bir yerdə olması qürurvericidir. 15 İyun – Milli Qurtuluş günündə imzalanaraq dünyaya səs salan Şuşa Bəyannaməsi iki qardaş ölkənin müttəfiqliyinin təqdimatı oldu”.
V. Rəhimzadə artıq Azərbaycanın həyatında yeni dövrün-işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq dövrünün başlandığını diqqətə çatdırıb: “2022-ci ilin dövlət büdcəsindən ayırmalarda da bərpa və quruculuq işləri əsas yer tutur. Qürurla qeyd edirik ki, tezliklə bu ərazilərimizdə bərpa işləri başa çatacaq, Azərbaycanın dayanıqlı inkişafı üçün bu torpaqların malik olduqları resurslardan səmərəli istifadə olunacaq. Son bir ilin mühüm addımları sırasında yer alan iqtisadi rayonların yeni bölgüsü ilə bağlı Fərman da dünyaya bir sıra mesajları çatdırdı. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşduğunun növbəti dəfə təsdiqi oldu”.