Deputat: “Zəfər paradı Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını nümayiş etdirdi”

“Bir il öncə Bakı şəhərində keçirilən Zəfər paradı tariximizin qürur səhifələrindən biridir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım bildirib.

F. Yıldırım deyib ki, Zəfər paradı təkcə Azərbaycan xalqı üçün deyil, bütün Türk dünyası üçün mühüm hadisə oldu: “Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradının keçirilməsi Azərbaycanın şanlı qələbəsinin növbəti əzəmətli və təntənəli nümayişi idi. Azərbaycan Prezidentinin və Vətən müharibəsində ölkəmizə mənəvi-siyasi dəstək verən qardaş Türkiyənin Prezidentinin qatıldığı paradda “Qarabağ Azərbaycandır!” şüarı bir daha qürurla ifadə olundu. Paraddakı çıxışında Zəfərin qürurunu və sevincini xalqla bölüşən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan əsgər və zabitləri böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdi və öz doğma torpaqlarını işğalçılardan azad etdi”.

Deputat qeyd edib ki, Azadlıq meydanında bir çox parad keçirilib, amma Zəfər paradı tarixi, siyasi, mənəvi əhəmiyyətinə görə unikal və bənzərsizdir: “Prezident İlham Əliyev paradların birində demişdi ki, gün gələcək, işğaldan azad edilmiş torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək. O gün gəldi. 2020-ci il dekabrın 10-da keçirilən Zəfər paradına işğaldan azad edilmiş ərazilərimizdə qürurla və əzəmətlə dalğalandırılan üçrəngli bayrağımız gətirildi. Bu, xalqımızın sonsuz qürur və iftixar mənbəyi kimi dövlətçilik tariximizə qızıl hərflərlə əbədi həkk olunan müstəsna hadisədir”.

F. Yıldırım vurğulayıb ki, Zəfər paradı, həmçinin bir millətin iki dövləti olan Azərbaycan ilə Türkiyənin dostluğunun, qardaşlığının və strateji tərəfdaşlığının rəmzlərindən birinə çevrildi: “Prezident İlham Əliyevin paradda çıxışı zamanı vurğuladığı kimi, Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Bu o demək idi ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürü idi. “Bir millət, iki dövlət” olan qardaş ölkələrin hərbçiləri yan-yana, çiyin-çiyinə qürurla möhtəşəm qələbə sədaları altında addımladılar. Zəfər paradı həm də Türkiyə-Azərbaycan qardaşlığının dünyaya yeni bir təqdimatı oldu. Bütövlükdə, Zəfər paradı ölkəmizin gücünü-qüdrətini, şanlı qələbəsini nümayiş etdirməklə yanaşı, Zəfər paradı bir daha Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev isə Azərbaycan xalqına Qələbə sevinci və Zəfər paradı qüruru yaşadan Müzəffər Ali Baş Komandan və yenilməz Sərkərdə kimi növbəti dəfə şanlı tarix yazdı! Bu möhtəşəm hadisənin birinci ildünümündə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizi böyük ehtiramla anır, qazilərimizə cansağlığı arzulayıram. Doğma torpaqlarımızın erməni işğalından azad edilməsi üçün döyüşən ordumuzla, qəhrəman oğullarımızla qürur duyuruq!”.