Dövlət qurumundan qazinin müraciətinə – CAVAB

Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçısı, gizir Həsənov Mübariz Əli oğlu “Hürriyyət”in redaksiyasına müraciət edərək, əlillik müavinətini ala bilməməsindən və digər problemlərlə bağlı şikayətini danışıb. Aprel döyüşlərində və Vətən müharibəsində iştirak edən qazimiz bədəninin müxtəlif nahiyələrindən ağır qəlpə yaraları alıb. Amma, ən ağır qəlpə yarasını Hadrut istiqamətində hücuma keçərkən alıb. Mübariz Həsənov ağır qəlpə yaraları almasına baxmayaraq Şuşaya kimi gedib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətin redaksiyamıza müraciət edən qazinin müraciətini araşdırıb. Qurumun mətbuat katibi Gülnar Əzizova  bildirib ki, qazinin əlilliyinin qiymətləndirilməsi onun müalicəsi tamamlandıqdan sonra qərar veriləcək:

“Həsənov Mübariz Əli oğlu 27.10.2021-ci ildə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. Mübariz Həsənovun hazırkı vəziyyətinin müayinəsi zamanı onun müalicə müddətinin hələ başa çatmadığı müəyyən edilib. Digər orqan  və ətraflarda əlillik təyinatına əsas verən funksional pozuntular aşkar edilməyib. Bu səbəbdən mövcud qanunvericiliyə əsasən, Mübariz Həsənovun müalicəsinin davam etdirilməsi barədə qərar qəbul edilib. Qazimizin ixtisaslaşmış müalicəsi tamamlandıqdan sonra Agentlik tərəfindən onun əlilliyinin qiymətləndirilməsi ilə bağlı müvafiq qərar veriləcək”.