“AKP hökuməti zaman və populizm tələsinə düşüb” – EKSPERT

Türk lirəsinin manat qarşısında dəyəri ucuzlaşmaqda davam edir. Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi sutka ərzində getdikcə daha da azalıb.​ Bu, tarixi minimum hesab edilir.

 

Sedainfo.az xəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki,Türk lirəsinin dəyərdən düşməsinin bir çox səbəbləri var:

 

  1. 1.T.Ərdoğanın Mərkəzi Bankın müstəqilliyinin ləğv etməsi, faiz endiriminə məcbur etməsi, 2. Türkiyənin ticarət balansında enerji daşıyıcılarının qiymətinin yüksəlməsinə görə mənfi saldonun artması, 3. Turizm gəlirlərinin, bu sektorun gətirdiyi valyuta həcminin azalması, 4. Türkiyənin xarici siyasətində yaşanan dalğalanmalar, 5. Son 2 ildə AKP hökumətinin 1 trilyon lirə həcmində süni kreditləşmə artmına getməsi, 6. Türkiyənin, əsas da özəl sektoriunun böyük xarici borcunun olması.

Natiq Cəfərli təqribən 1 ay öncə türk lirəsinin dəyərdən düşməyə başlamasının səbəbləri haqqında yazdığını qeyd edib:

“Son 1 ayda Erdoğan Türkiyə MB-nın müstəqilliyini tam ləğv etdi, faizləri aşağı salmağı əmr etdi, növbəti dəfə bazara əlavə lirə buraxdı, indi minimum əmək haqqını artırır, daha çox populist qərarlar almağa yönəlir. Səbəbi də odur ki, AKP hökuməti zaman və populizm tələsinə düşüb: Cəmi 1,6 ildən sonra seçkilərdir, indi populist, iqtisadiyyat elminə zidd addımlar atır ki, seçicilərini tam itirməsin – belə addımlar atanda da inflyasiya yüksəlir, dollar bahalaşır, beləliklə, “qısır döngə”, və ya “dalan” effekti yaranır”.

İqtisadçı-ekspert indiki vəziyyətdə həll yolunun ağrılı olduğunu və zaman tələb etdiyini vurğulayıb:

“İndiki durumda həll yolu ağrılıdır və zaman tələb edir, çünki populizm zaman itgisinə səbəb oldu. İndiki durumda həll yolu üçün MB uçot dərəcəsini birdən-birə 5-6% artırmalıdır, bu zaman kreditlər çox bahalaşacaq, iş adamları kredit götürüb iş qurmayacaq, iş yerləri azalacaq, bəzi şirkətlər bankrot olacaq, daxildə istehlak azalacaq, deməli ticarət dövriyyəsi zəifləyəcək, bu isə yenə işsizlik, gəlirlərin azalması deməkdir – bu modellə də seçkini udmaq mümkün deyil. Amma bu acı “resept” bir neçə ilə iqtisadiyyatı sağlamlaşdıracaq, daha sağlam təməllər yaradacaq, “çürük almalar” yox olaraq digər “almaları” da çürütməyəcək. Qardaş Türkiyədə baş verənlər populuzmin, iqtisadi qərarların elmi deyil də, hissi verilməsinin nə qədər ağrılı olduğunu bir daha göstərir. Odur ki, bu hamımıza dərs olsun – bizdə də populuzm mərəzinə tutulanların boğazdan yuxarı, elmi olmayan çıxışlar artır, arqumentsiz, içiboş, hesab-kitaba söykənməyən söhbətlər göylərdə uçuşur. Bizdə İqtidar yalançı, hökumətin bəzi opponentləri isə içiboş populistdir – zərbə isə sonda həmişə xalqa dəyir”.