“ÜST deyirdi ki, əhalinin 70%-i vaksinləşəndə kollektiv immunitet yaranacaq, bəs nə oldu?!” – NATİQ CƏFƏRLİ

“Bu virus bəlası artıq o qədər cavabsız suallar doğurub ki, hökumətlər, hətta ÜST də bu yükün altından çıxa bilmir”

Dünyanın, doğrudan da, “çivisi” çıxıb. Bu virus bəlası artıq o qədər cavabsız suallar doğurub ki, hökumətlər, hətta o cinayətkar ÜST də bu yükün altından çıxa bilmir, bilməyəcək də”. Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.

Politoloq qeyd edib ki, Hollandiyada növbəti qismi qapanma elan edilib, sərt tədbirlər görülür, kafe-restoranlar qapadılır, yenidən “sosial məsafə” tələbi qoyulur: “Səbəbi də odur ki, son günlər Hollandiyada yoluxma halı 16000-dən yuxarı olur, ölüm halı da artır və son 10 gündə yoluxma halı pandemiya başlayandan bəri ən yüksək səviyyədədir. İndi, bu günlərdə ən yüksək yoluxma halları qeyd olunur. Hollandiyada 12 yaşdan yuxarı əhalinin 82%-i tam vaksinləşib. Yəni, hər iki dozu qəbul ediblər. Yaxşı, ÜST və dünya ölkələri nə deyirdi?! Əhalinin 70%-i vaksinləşəndə, ya da xəstələnib-sağalsa kollektiv immunitet yaranacaq! Bəs nə oldu?! Hollandiya, Danimarka, Almaniya ən yüksək vaksinləşmə səviyyəsi olan ölkələrdir, amma yoluxma sayı rekord həddlərdədir!

Natiq Cəfərlinin sözlərinə görə, Avstriya, İtaliya, Fransa, Almaniya, Yeni Zenlandiya, Avstraliya və Hollandiyada “kovid-faşizm” əlehinə böyük nümayişlər olur: “Axır ki, “Euronews” kimi “mainstream” media da bu xəbərləri vermək məcburiyyətində qaldı. İnsanlar suallara cavab axtarırlar. Bu cavablar sadə deyil, amma dünyanın “çıvisini” yerinə qaytaranlar məhz sual verənlər və cavab axtaranlar olacaq!”