“Türk Dövlətləri Təşkilatı vahid ordunun yaradılması ilə bağlı təcili qərar qəbul etməlidir” – SƏRDAR CƏLALOĞLU
“Zaman keçdikcə Rusiya Dağlıq Qarabağı Azərbaycandan daha da uzaqlaşdırır”
“Kreml erməniləri silahlandırmaqla onları yeni münaqişəyə hazırlayır”
“Azərbaycan Laçın dəhlizini nəzarətinə götürməli, Xankəndini öz yurisdiksiyasına almaq üçün müvafiq addımlar atmalıdır”
“Rus “sülhməramlıları”nın üçtərəfli bəyanatın şərtlərini icra etməməsini və son hadisələri əsas götürüb Rusiya ordusunun bölgədən çıxarılması ilə bağlı proses başladılmalıdır”
“Türk Dövlətləri Təşkilatı türk xalqları arasında yarandığına görə, biz buna Turan Birliyi deyə bilərik, çünki bu, Turanın ərazisində yaranmış siyasi birlikdir”
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan Ordusunun mövqelərini atəşə tutması, Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində vəziyyəti gərginləşdirmək cəhdləri, rus “sülhməramlıları”nın yarıtmaz fəaliyyəti, Xocalı şəhəri yaxınlığında Rusiyanın tanınmış xadimlərinə, Xankəndidə isə rus sülhməramlısına abidə qoyulması, Azərbaycanın Qarabağda anti-terror əməliyyatlarına başlamamasının səbəbləri, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatı adını alması və digər önəmli məsələlərlə bağlı söhbətləşdik.
“Qarabağda çox çirkli oyun oynayan Rusiya Azərbaycanla Ermənistan arasında münaqişənin davam etməsində maraqlıdır”
– Sərdar bəy, erməni terrorçu Norayr Mirzoyanın bir neçə gün öncə Şuşanın Daşaltı kəndi yaxınlığında Azərbaycan hərbçilərinin yerləşdiyi posta əl qumbarası ilə hücum etməsi, eyni zamanda Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan Ordusunun mövqelərini atəşə tutması, Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində vəziyyəti gərginləşdirmək cəhdləri Qarabağda yeni savaşın başlamasına səbəb ola bilər?
– Təbii ki, bunlar hamısı kiçikçaplı təxribatlardır. Düşünürəm ki, bundan sonra Qarabağla bağlı savaş olmayacaq. Bundan sonrakı məsələlər diplomatik, siyasi yolla həll ediləcək. Sadəcə olaraq, Rusiya ilə işi düzgün aparmaq lazımdır. Çünki ermənilər heç kimdir, bu cür təxribatların arxasında məhz Rusiya durur. Kreml Qarabağla bağlı siyasətini dəyişəcəyi təqdirdə, ermənilər birmənalı şəkildə Azərbaycan dövlətinin qanunlarına tabe olacaq və bizim vətəndaşlığımızı qəbul edəcəklər. Heç təsadüfi deyil ki, bundan bir qədər əvvəl ermənilər dəstə ilə gəlib Azərbaycandan iş istədilər, vətəndaşlığı qəbul etməyə hazır olduqlarını bildirdilər. Yaxud da bir erməni qadın dörd azyaşlı uşağı ilə birgə Azərbaycan tərəfə keçməyə cəhd etmişdi. Bu zaman ruslar ona “öz xalqının adına ləkə salma”, deyə xəbərdarlıq etmişdi. Burdan da açıq şəkildə görünür ki, bu gün Qarabağın ermənilər yaşayan hissəsində, yəni rus “sülhməramlıları”nın nəzarətində olan ərazilərdə baş verənlər birbaşa Rusiyanın maraqlarına xidmət edən hadisələrdir. Bütün bunları nəzərə alaraq, demək olar ki, Norayr Mirzoyanın Azərbaycan hərbçilərinin yerləşdiyi posta əl qumbarası atması məhz rus “sülhməramlıları”ndan aldığı cəsarətdən irəli gəlir. Rus “sülhməramlıları”nın faktiki terror törətmiş şəxsi – Norayr Mirzoyanı Azərbaycana deyil, Ermənistan tərəfinə təhvil verməsi də bunu bir daha təsdiqləyir. Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya Qarabağda çox çirkli oyun oynayır. Çünki Kreml Azərbaycanla Ermənistan arasında münaqişənin davam etməsində maraqlıdır. Heç kimə sirr deyil ki, yalnız bu halda Rusiya “sülhməramlı missiyasını” davam etdirə bilər. Əgər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansa, münasibətlər yoluna qoyulsa, o zaman Rusiya ordusunun burda mövcudluğuna heç bir ehtiyac qalmayacaq. Ona görə də Rusiya nə tərəflər arasında sülh müqaviləsinin bağlanmasına imkan verir, nə də Ermənistanla Azərbaycan arasında atəşkəs rejiminə ciddi şəkildə əməl edilməsinə şərait yaradır. Odur ki, əraziyə silahlı dəstələrin gətirilməsi, Dağlıq Qarabağ ermənilərinin silahlandırılması birbaşa Rusiyanın oyunudur. Rus “sülhməramlıları”nın ermənilərə məşqlər keçməsi, hərbi manevrləri öyrətməsi onu göstərir ki, üçtərəfli bəyanatın tələblərinə zidd olaraq Rusiya həmin əraziləri silahsızlaşdırmaq əvəzinə, erməniləri silahlandırmaqla onları yeni münaqişə üçün hazırlayır. Təbii ki, bu da Rusiyanın bölgədə daha uzun müddət qalması məqsədiylə hazırlanmış ssenarinin bir parçasıdır.
“Azərbaycan Rusiyanın Qarabağdakı hərbi qüvvələrinin statusunu rəsmən tanımadığından onları sülhməramlı qüvvə adlandırmaq olmaz”
– Sizcə, bütün bunlar rus “sülhməramlıları”nın fəaliyyətinə son vermək üçün yetərli deyil?
– Əvvəla, Azərbaycan Rusiyanın Qarabağdakı hərbi qüvvələrinin statusunu rəsmən tanımayıb. Yəni, onları sülhməramlı qüvvə adlandırmaq olmaz. Mənə elə gəlir ki, rus “sülhməramlıları”nın üçtərəfli bəyanatın şərtlərini icra etməməsi və son hadisələr göstərir ki, Rusiya atəşkəs rejiminə təminat vermək potensialına malik deyil. Ən azından, bunu əsas götürüb Rusiya ordusunun bölgədən çıxarılması ilə bağlı proses başladılmalıdır. Ermənistanın baş naziri Nikol Paşinyan da dəfələrlə deyib ki, yeri gəldikdə mən üçtərəfli bəyanatı lazımsız bir sənəd kimi cırıb atacam. Bir halda ki, üçtərəfli bəyanat Azərbaycan dövlətinin maraqlarına uyğun deyil, onda nə üçün biz həmin bəyanatın arxasınca getməliyik?!
“Azərbaycan dövlətinin icazəsi olmadan rusların ərazimizdə kilsə tikməsi, kimlərəsə heykəl ucaltması Qarabağın mərhələli şəkildə ruslaşdırılmasına xidmət edən addımlardır”
– Bildiyiniz kimi, noyabrın 10-da Qarabağda Rusiya sülhməramlılarının hərbi düşərgəsinin ərazisində, Xocalı şəhəri yaxınlığında “Rusiya Şöhrət Xiyabanı” açılıb və orada Rusiyanın tarixi və mədəniyyətinin 10 tanınmış xadiminin büstü qoyulub. Xankəndidə yerləşən “sülhməramlılar”ın hərbi şəhərciyində isə Rusiya sülhməramlısına abidə qoyulub. Moskva bununla nə demək istəyir?
– Bəli, Xankəndidə erməni uşağı xilas edən rus əsgərinin abidəsi qoyulub. Təxminən, bunabənzər bir abidə ölkə alman faşistlərindən azad ediləndən sonra Berlində ucaldılmışdı. Təqdimat belə idi ki, guya, rus əsgəri alman uşağı faşizmdən xilas edir. Yəni, hər iki heykəl də eyni mesaj verilir. Halbuki, Xocalıda soyqırıma erməni yox, Azərbaycan uşaqları məruz qalıb. Ruslar ermənilərlə birləşib qoca, cavan, qadın, köprə demədən bizim əhalimizi məhv ediblər. Axı, Xankəndidə bir uşağın belə, burnu qanamayıb, bu günə qədər Dağlıq Qarabağda bir uşaq ölməyib. Bu halda həmin abidənin qoyulmasının mənası nədir?! Şübhəsiz ki, bu, Azərbaycanı faşizmdə ittiham etmək, Rusiyanı isə guya ermənilərə qarşı genosid aparan bir qüvvəyə qarşı vuruşan müttəfiq obrazı yaratmaq üçün qoyulub. Bu, Azərbaycana qarşı çox ağır ittihamdır. Odur ki, həmin abidə götürülməlidir. Rusiyanın tarixi və mədəniyyətinin tanınmış xadimlərinin büstünə gəlincə, Azərbaycan dövlətinin icazəsi olmadan bizim ərazimizdə rusların kilsə tikməsi, kimlərəsə heykəl ucaltması yolverilməzdir. Bu, birbaşa rusifikasiyadır. Yəni, bütün bunlar Qarabağın mərhələli şəkildə ruslaşdırılmasına xidmət edən addımlardır. Buna görə də Azərbaycan dərhal bu cür addımların dayandırılmasını tələb etməli, Laçın dəhlizini nəzarətinə almalı, Xankəndini öz yurisdiksiyasına almaq üçün müvafiq addımlar atmalıdır. Çünki Rusiya bu işi görmür və zaman keçdikcə Dağlıq Qarabağı Azərbaycandan daha da uzaqlaşdırır.
“Azərbaycan qardaş Türkiyə ilə məsləhətləşib Qarabağda anti-terror əməliyyatlarına başlamalı, Rusiyanı üçtərəfli bəyanata uyğun fəaliyyətə dəvət etməlidir”
– Qeyd etdiyiniz kimi, Rusiya Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında maraqlı deyil. Bu halda biz nə etməliyik?
– Bəli, görünən odur ki, Rusiya tərəflər arasında daim münaqişənin mövcud olmasında maraqlıdır. Çünki sülhün əldə olunması Kremlin maraqlarına ziddir. Buna görə də Azərbaycan qardaş Türkiyə ilə məsləhətləşib Qarabağda anti-terror əməliyyatlarına başlamalıdır. Bildiyiniz kimi, Türkiyə Azərbaycanın hərbi qarantıdır. Odur ki, Azərbaycan Türkiyənin yardımı ilə Rusiyanı üçtərəfli bəyanata uyğun fəaliyyətə dəvət etməlidir. Əks halda rus qoşunlarının Azərbaycan ərazisindən çıxarılması ilə bağlı prosesə start verilməlidir.
“Bu gün Rusiyanın Qarabağdakı təxribatçı fəaliyyəti Azərbaycana, onun beynəlxalq inteqrasiya meyillərinə, o cümlədən Türkiyəyə qarşı verdiyi reaksiyadır”
– Sizə elə gəlmir ki, bütün bunlar Azərbaycanın Türkiyə və digər türk dövlətləri ilə yaxınlaşmasının Rusiyada yaratdığı qıcığın nəticəsidir?
– Təbii ki, burada qıcığın da əhəmiyyəti var. Eyni zamanda, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin qızışmasının da rolu var. Yəni, ruslar bu cür addımlar atmaqla ermənilərin başının altına yastıq qoyur və bildirirlər ki, biz Qarabağı alıb sizə verəcəyik. Buna görə də dünənə qədər Rusiyanın əleyhinə çıxış edən adamlar bu gün rus-erməni ittifaqından danışırlar. Eləcə də bunlar Türkiyənin Suriyada apardığı hərbi əməliyyatlara qıcığın nümayişidir. Bir sözlə, bu gün Rusiyanın Qarabağdakı təxribatçı fəaliyyəti Azərbaycana, onun beynəlxalq inteqrasiya meyillərinə, o cümlədən Türkiyəyə qarşı verdiyi reaksiyadır. Erməni terrorçu Norayr Mirzoyanın rus “sülhməramlıları”ndan aldığı cəsarətlə Azərbaycan hərbçilərinin yerləşdiyi posta əl qumbarası ilə hücum etməsinin Türk Dövlətləri Təşkilatının yarandığı vaxta təsadüf etməsi bunu bir daha sübuta yetirir.
“Əgər tezliklə Xankəndini Azərbaycanın yurisdiksiyasına qaytarmasaq, rus-erməni birləşmələri 1988-ci ildə olduğu kimi yenə də xalqımızın başına oyun açacaq, bizə ciddi problemlər yaradacaq”
– Azərbaycanın Qarabağda anti-terror əməliyyatlarına başlamasına nə mane olur?
– Hesab edirəm ki, buna siyasi iradə mane olur. Azərbaycan rəhbərliyi nədənsə Xankəndi iqtisadi zonası ilə bağlı olduqca ehtiyatlı mövqe sərgiləyir. Mən bunu yanlış hesab edirəm. Çünki ruslar və ermənilər məhz elə bundan istifadə edib Azərbaycan dövlətinə qarşı daha ciddi addımlar atırlar. Bunu bilmək lazımdır ki, əgər biz tezliklə Xankəndini Azərbaycanın yurisdiksiyasına qaytarmasaq, rus-erməni birləşmələri 1988-ci ildə olduğu kimi yenə də Şuşa, Kəlbəcər və Laçında xalqımızın başına oyun açacaq, bizə ciddi problemlər yaradacaq.
“Türk Dövlətləri Təşkilatı mütləq BMT-dən qeydiyyatdan keçib mandat almalıdır”
– Məlumunuzdur ki, bugünlərdə Türk Şurası dövlət başçılarının 8-ci Zirvə görüşü baş tutub. Və bu zaman Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Türk Dövlətləri Təşkilatı adını alıb, o cümlədən “Türk Dünyası 2040 Vizyonu” təsdiq olunub. Necə düşünürsünüz, bunu qlobal rəqabətdə alternativ siyasi gücün formalaşmasına doğru addım hesab etmək, arzusunda olduğumuz Turanın əsasının qoyulması kimi qəbul etmək olar?
– Əvvəla, onu deyim ki, sözügedən görüşü çox yüksək qiymətləndirirəm. Çünki bu görüşdə şura artıq təşkilata çevrildi. Artıq bu, irəliyə doğru ciddi bir addımdır. Təşkilat o deməkdir ki, burda müxtəlif sahələrdə fəaliyyətin əlaqələndirilməsi həyata keçiriləcək. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatı mütləq BMT-dən qeydiyyatdan keçib mandat almalıdır. Bildiyiniz kimi, Türkmənistan indiyə qədər bu prosesdə iştirak etmirdi. Artıq onun da bu prosesdə iştirak etməsi olduqca ciddi addımdır. Bundan başqa, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının Türk Dövlətləri Təşkilatı ilə əvəzlənməsi də olduqca mühüm qərardır. Çünki “türkdilli ölkələr” kəlməsi “türk dövlətləri” sözü ilə oxşarlıq təşkil etsə də, əslində bu ifadələrin arasında məna baxımından ciddi fərq var. Belə ki, biri türk dilində danışan, digəri isə türksoylu dövlətlər anlamına gəlir. Turanın əsasının qoyulmasına gəlincə, məlumdur ki, Turan türk xalqlarının yaşadığı ərazidir. Odur ki, Türk Dövlətləri Təşkilatı türk xalqları arasında yarandığına görə, biz buna Turan Birliyi deyə bilərik. Çünki Türk Dövlətləri Təşkilatı Turanın ərazisində yaranmış siyasi birlikdir.
“Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən iqtisadi layihələrin təhlükəsizliyini təmin etmək hüququ yaradılacaq vahid orduya verilməlidir”
– Türk Dövlətləri Təşkilatına üzv ölkələrin növbəti mərhələlərdə iqtisadi və siyasi sahələrlə yanaşı, hərbi sahədə də ortaq hərəkət etməsi gözlənilirmi?
– Hesab edirəm ki, mütləq şəkildə hərbi əməkdaşlıq birinci müstəviyə qoyulmalıdır. Əks halda, təşkilatda iqtisadi, siyasi əməkdaşlıq İran və Rusiya tərəfindən real təhdid altında olacaq. Ona görə də ilk növbədə, Türk Dövlətləri Təşkilatının həyata keçirəcəyi iqtisadi layihələrə təminat verəcək hərbi güc formalaşdırılmalıdır. Bu səbəbdəndə mütləq şəkildə Türk dövlətlərinin birləşmiş hərbi gücü yaradılmalıdır. Ancaq bundan sonra bu ərazidə həyata keçirilən iqtisadi layihələrin təhlükəsizliyinə tam təminat vermək olar. Əks halda, həyata keçiriləcək iqtisadi layihələrə istənilən dövlət hərb yolu ilə müdaxilə edəcək və çəkilən xərc havaya sovrulacaq. Düşünürəm ki, bu məsələdə Avropa Birliyinin təcrübəsindən də yararlanmaq olar. Belə ki, Avropa Birliyi investisiyaların qorunma hüququnu hərbi blok olan NATO-ya verib. Eynilə, Türk Dövlətləri Təşkilatı da təcili qərar qəbul etməli və vahid ordu yaradılmalıdır. Və həmin orduya təşkilat çərçivəsində həyata keçirilən iqtisadi layihələrin təhlükəsizliyini təmin etmək hüququ verilməlidir.