Bakı mühasirəni daraldır – Ermənistanda panika: “Qorxduğumuz başımıza gəldi…”
İrəvan son “patronları”nı atır; Azərbaycan isə kapitulyant ölkəyə “nida”nı “vergül”ə çevirmək şansı verməyəcək!..
“Azərbaycan-Ermənistan münaqişəsinə yağlı bir nöqtə qoyulub və geriyə dönüş yoxdur”. Hurriyyet.az-ın məlumatına görə, bu sözləri ötən həftəsonu Şuşada keçirilmiş dəyirmi masanın iştirakçısı Rusiya Dövlət Dumasının deputatı, “Rodina” Partiyasının sədri Aleksey Juravlev deyib.
Deputat Şuşa yaxınlığındakı son terror aktını və Ermənistanda hələ də sülhü istəməyən qüvvələrin varlığını xatırladaraq bildirib: “Ermənistan hökumətinin icazəsi ilə İrəvanın mərkəzində rusofobik mitinqlər keçirilir. Sən demə, bütün günahlar bizdə – Rusiyada imiş. Bütün bunlar məqsədli şəkildə edilir. Neqativ əhval-ruhiyyənin qabağı alınmır. Azərbaycan-Ermənistan münaqişəsində yağlı bir nöqtə qoyulub və geriyə dönüş yoxdur. Əgər kimsə bunu başa düşmürsə, qoy gəlib bu ərazilərin necə bərpa olunduğunu görsün”.
*****
Əfsus ki, Azərbaycanın yaratdığı yeni reallıqları görmək, onların fəlsəfəsini anlamaq əvəzinə, Ermənistanda onları görməzlikdən gələn radikal-revanşistlər, “yağlı nöqtə”ni israrla “vergül”ə çevirmək istəyən qüvvələr, hakimiyyət mövcuddur. Bu minvalla onlar növbəti dəfə bizim dövlətin qətiyyətinə, “dəmir yumruğuna” tuş gələcəklər. Çünki kimin nə hava çalması və hansı havaya oymasından asılı olmayaraq, regionda şərtləri indi Bakı diktə edir.
Ermənistana əsas təzyiq rıçaqları da məhz bizim əlimizdədir. Bu xüsusda qarşı tərəf gərək unutmasın ki, əlimizdəki rıçaqlar İrəvanın çox ümid bəslədiyi bəzi güclərin Bakıya təzyiq imkanlarından qat-qat təsiriidir. Çünki bölgədə yeni reallıq, yeni status-kvo hökm sürür və bu çox uzun müddətə, əbədidir, müvəqqəti deyil.
Söhbət ilk növbədə Azərbaycanın iqtisadi təzyiq üsullarından gedir. Yəni Ermənistan əgər məqsədli şəkildə konstruktiv kursdan yayınmağa, 10 noyabr akrını sabotaj eləməyə və vaxtı uzatmağa, Zəngəzur dəhlizinin açılışını yubatmağa çalışarsa, Qarabağda hərbçilərimizə qarşı yeni təxribat əməllərinə rəvac verərsə, bunu öz üzərində daha sərt, daha qabarıq şəkildə hiss edəcək. Necə ki, hiss edir.
Ərazimizdən keçən yollarda adicə yeni sərhəd və gömrük nəzarət postlarının qurulmasının məğlub ölkədə yaratdığı panika buna sübutdur. İrəvan hökuməti özünü ağıllı aparmadıqca beləcə, onun da, Ermənistanın da mühasirəsi daralacaq. Qarşıdan isə soyuq qış gəlir.
*****
Yeri gəlmişkən, 15 noyabr saat 00:00-dan Azərbaycan Qafan-Çakaten yolunda sərhəd və gömrük nəzarətinin tətbiqinə başlayıb. Beləliklə, Çakaten, Sıxovuş (Şikahoq), Kilsəkənd (Sraşen), Tsav, Nerkin Hand və digər kəndlərin əhalisi üçün iki seçim qalır: ya Azərbaycan ərazisindən gömrük rüsumu ödəyərək keçəcəklər, ya da daha uzun məsafə (Mehriyə gedib, oradan Qafana keçəcəklər) qət etməli olacaqlar.
Gorus-Qafan yolunda gömrük məntəqəsinin qurulması Şahverdilər (Vorotan), Şurnux və Bərdzrəvan kəndlərini, Qafan-Çakaten yolunda gömrük məntəqəsinin qurulması Çakaten, Sıxovuş (Şikahoq), Kilsəkənd (Sraşen), Tsav, Nerkin Hand kəndlərini çətin vəziyyətə salır. Hər iki istiqamətdə Ermənistan hakimiyyətinin təklif etdiyi alternativ yol əlverişsizdir.